“Oğlanın boyu balaca idi, hər dəfə ayağının altına daş qoyulurdu, mən də gülməkdən ölürdüm” - FOTO+ÖZƏL
Mədəniyyət
167
10:17, Bu gün

“Oğlanın boyu balaca idi, hər dəfə ayağının altına daş qoyulurdu, mən də gülməkdən ölürdüm” - FOTO+ÖZƏL

““Yol əhvalatı” filmi Asim Cəlilovun ssenari əsasında lentə alınıb. Belə ki, o yaşadığı küçədə təyyarə ilə avtomobilin toqquşmasının şahidi olur. Bu hadisə əsasında senari yazır. Rejissor Teymur Bəkirzadə isə 1980-ci ildə bu hadisədən qaynaqlanan filmin çəkilişlərinə başlayır. Paşanın qoyunla dolu maşını qaçırtdığı səhnədə baş rol ifaçısı Vaxtanq Pançaludzeyə kaskadyordan istifadə təklif edilsə də, bundan imtina edib, təhlükəli səhnəni özü canlandırıb. Filmdə Siyavuş Aslan, Yaşar Nuri, Eldəniz Zeynalov və s. sənətçilər rol alıb”.

Bunu Moderator.az-a açıqlamasında kinoşünas Aydın Kazımzadə bildirib.

O, bu filmdəki obrazların böyük sənətkarlar tərəfindən ifa olunduğunu bildirərək, bu filmi yüksək qiymətləndirib. 

Xalq artisti Həmidə Ömərova isə Zümrüd obrazına dəvəti belə xatırlayır:

“Fikirləşdim ki, komediyadır, bu janrda ilk dəfədir çəkilirəm. Senarini oxudum, gördüm Zümrüd müsbət qəhrəmandır, vəziyyət orada komikdir. “Yol əhvalatı” filminin komik vəziyyətləri illər keçsə də yadda qalır. Tərəf müqabilim Vaxtanq Pançaludze gürcü aktyoru idi. Onun boyu məndən balaca idi. Biz də etiraf səhnəsini çəkməli idik. Qıza etiraf edir ki, “mən səni sevirəm və nənəmi sizə elçiliyə göndərmək istəyirəm”. Nənə roluna da Sofya Bəsirzadə çəkilirdi. Teymur müəllim dedi ki, oğlan qızdan balacadır, götürdü onun ayağının altına daş qoydu. Oğlanı qaldırdılar daşın üstünə. Bunların səhnələri getdikcə qız da aşağı baxıb utanmalıdır. Mən də özümü məcbur edirəm ki, daşı görməyim. Rejissor da mənə deyir ki, utan, azərbaycanlı qızını oynayırsan. Hər dəfə aşağı baxanda gülməkdən uğunub gedirdim. Aktyorun daş üstünə çıxıb mənə eşq elan etməsi səhnəsi yadımdan çıxmırdı.

Xalq artisti bildirib ki, filmdə bəzi səhnələr montaj olunub:

“Bu film əsasən improvizələrlə çəkilib. Senari gözəl idi, quruluş yaxşı idi. Siyavuş Aslan Yaşar Nuri, Hacı İsmayılov və Akif Məhərrəmov bu filmə xüsusi şarm gətirib. O qədər improvizə edirdilər ki, rejissor da uğunub gedirdi. Zərnigar xanım və Siyavuş Aslanla bir səhnəmiz var idi ki, elçi gəlirlər, orada qız inkar edir ki, “yox mən istəmirəm”. Bu səhnələr nədənsə montaj olundu. Bir də məni atam işdən çıxardır, deyir ki, “filankəs xəstədir, qal kişiyə qulluq et”. O mayak səhnəsində qız gecə ilə ayılıb, qaçmaq istəyir. Orada da bəzi səhnələr kəsilib. Rejissor dedi ki, bu səhnələr ona görə kəsilib ki, “Qafqaz əsri” filmində Ninanın səhnələrinə bənzəyir. O səhnələrə mənim heyfim gəlir. Artıq üstündən illər keçib. Bu filmi bəyənməyən illər də var idi. Amma hər dəfə bu film ekranlarda gedəndə tamaşaçılar həsədlə baxırlar, həvəslə gözləyirlər, hər bir sitatını əzbər bilirlər” deyə aktrisa bildirib.

Link kopyalandı!
Son xəbərlər