95 yaşlı xalq artistindən ŞİKAYƏT: “10 ildir əsərim filarmoniyada çalınmır, nə işlə məşğuldurlar bilmirəm”- FOTO+ÖZƏL
Mədəniyyət
320
16:12, Bu gün

95 yaşlı xalq artistindən ŞİKAYƏT: “10 ildir əsərim filarmoniyada çalınmır, nə işlə məşğuldurlar bilmirəm”- FOTO+ÖZƏL

“50 yaşımdan etibarən yubileylərim dövlət səviyyəsində qeyd olunur. 95 illik yubileyim də qeyd olundu. Dekabrın 2-də Milli Kitabxanada əsərlərimdən ibarət sərgim təşkil olundu. Həmin günün axşamı filarmoniyada mənim mahnı gecəm keçirildi. 24 mahnım səsləndi. 6 dekabrda Opera studiyasında baletlərim nümayiş olundu. 9 dekabrda Nizami muzeyində konfrans oldu. 11 dekabrda Bəstəkarlar İttifaqında, 14 dekabrda isə Mərdəkan mədəniyyət sarayında yubileyim keçiriləcək. Mən heç vaxt qocalığı hiss etməmişəm. Heç bilmirəm ki, 95 il necə gəlib keçdi. Elə bilirəm ki, bu yaxınlarda konservatoriyaya qəbul olunmuşam. Vaxt olub ki, sutkanın 20 saatını yazmışam, 4 saat yatmışam. Hazırda da əsərlərim çap olunur. İş başımı elə qatıb ki, bilmirəm ki, 95 yaşım var ya yox?”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli, professor, görkəmli bəstəkar Tofiq Bakıxanov bildirib. 

Bəstəkar onu narahat edən bəzi mövzulardan da danışıb:
 

“Bu gün musiqimizin vəziyyətindən çox narazıyam. İllərdir ki, canlı şəkildə Azərbaycan bəstəkarlarının əsərləri səslənmir. Sovet vaxtında bizim müdiriyyət yeni əsər olan kimi özü çağırıb, proqrama salırdı. 10 ildir mənim əsərim filarmoniyanın orkestrında çalınmır. Vaxtları yoxdur. Nə işlə məşğuldurlarsa, bilmirəm. 90 illik yubileyimdə onlar orkestrla Şuşaya getdilər. Mənim orkestır ilə olan konsertim ləğv oldu. 95 illik yubileyimdə də dedilər ki, yer yoxdur. Məktub da yazmışam, cavab yoxdur. Yeni nazir bu işə diqqət etmir. 70-ci illərdə mənim əsərlərim Moskvada diplom alıb, laureat adını almışam. İndi heç nə etmək olmur. Baxan yoxdur. İri həcmli əsərlər qalıb kənarda. Üzeyir Hacıbəylinin, Qara Qarayevin qoyduğu bəstəkarlıq məktəbindən əsər-əlamət qalmayıb. Mən yenə də buna baxmayıb yazıram. Yazdıqlarımı da verirəm kitabxanaya. Yazdığım əsərlərin sayı-hesabı yoxdur. Orkestr üçün 26 konsert yazmışam” - deyə o bildirib.

Qeyd edək ki, Tofiq Bakıxanov bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Link kopyalandı!
Son xəbərlər