Türkiyənin tanınmı türkü və saz ifaçısı Aydın Aydın süni intellektə etiraz əlaməti olaraq qeyri-adi aksiya keçirib.
Belə ki, o, süni intellekt səbəbindən bir çox peşənin yox olacağını, bu vəziyyətin musiqi sektoruna da böyük zərər vuracağını iddia edərək, Türkiyənin Aydın şəhərində yerləşən, UNESCO tərəfindən qorunan Nemrut Dağına qalxaraq orada sazını sındırıb.
Moderator.az xəbər verir ki, sazını daşa çırparaq parçalayan sənətçinin bu addımı videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
O, sazı sındırmazdan əvvəl ifa etdiyi mahnıda: “Şeirlər yazdım, ağılar yaktım, əməlimizi bir tıklama ilə oğurladın, süni intellekt…”, sözləri ilə süni intellektə qarşı narazılığını ifadə edib.
Sənətçi açıqlamasında insan duyğusunun və əməyinin musiqidə əvəzolunmaz olduğunu bildirib. Onun sözlərinə görə, süni intellektin yaradıcı işi asanlıqla təqlid edə bilməsi ənənəvi sənət anlayışına zərər verə bilər. Aydın Aydın gələcəkdə də musiqi və şeir sahəsində insan yaradıcılığının vacibliyini vurğulamağa davam edəcəyini qeyd edib.
Aydının 2 min 100 illik tarixi əsərlərin üzərində sazını sındırması Türkiyənin Mədəniyyət və Turizm Nazirliyini hərəkətə keçirib. Aydının tarixi abidələrə ziyan vurduğu iddiası ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inzibati araşdırma başladılıb.
Qeyd edək ki, Türkiyədə qorunan daşınmaz tarixi abidələrin dağıdılmasına, zədələnməsinə, deformasiyasına, məhv edilməsinə və ya hər hansı şəkildə zərərə uğramasına qəsdən səbəb olan şəxslər iki ildən beş ilədək həbs və pul cəriməsi ilə cəzalandırılır.