“Vaqif müəllimin şah əsəri ilk növbədə onun poeziyasıdır. O həm gözəl şair, həm də dramaturq idi. Əfsuslar olsun ki, Hüseynağa Atakişiyevdən sonra teatr səhnəsində Vaqif müəllim öz rejissorunu tapmadı. Buna çox təəssüflənirəm. Rus Dram Teatrında bir tamaşası səhnələşdirildi. Onu da rejissor şou xarakterli hazırlamışdı. Vaqif müəllim yeri həmişə görünəcək böyük şəxsiyyət idi. Bu elə-belə söz deyil. Biz onun xatirəsini hər zaman uca tuturuq. Sonuncu dəfə onun fotolarından ibarət albomu işıq üzü gördü. Orada həm də onun deyimləri yer almışdı”.
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilova deyib.
O, daha sonra “Bəxt üzüyü” əsərinin yaranmasından danışıb:
“Yaradıcı insanlar mövzunu əvvəlcə beynində bişirir, sonra oturub onu kağız üzərinə köçürür. “Bəxt üzüyü” əsəri də bu qəbildəndir. Onun əlyazması evdədir. O karandaşla yazırdı, sonra da onu əl makinasında köçürürdü. Bu əsər məndən əvvəl yazılıb. Orada həyatda rast gəldiyi real hadisələr də var idi. Üzük film boyu tapılmır. Tapılsaydı bəlkə də çox maraqsız bir film alınardı” deyə o bildirib.
Nüşabə xanım yaradıcı insanlar üçün böyük faciə sayılan plagiat mövzusuna da toxunub:
“Bizdə müəllif hüquqları məsələsi çox axsıyır. Çox təəssüflər olsun. Bu mənim ən yaralı yerimdir. Dünyada bu dəqiqə böyük plagiat gedir. Mən elə faktlar eşidirəm ki.. Dəhşətə gəlirəm. İnsanlar utanmaz-utanmaz kiminə əsərini arxivdən götürüb, orasını-burasını düzəldib, öz adlarına çıxarırlar. Biri var dünyada olmayan insanın, biri də var yaşayan insanın əsərlərini götürürlər. Bunu mənə danışanda dəhşətə gəldim. Ordan-burdan yamaq-yamaq götürüb deyirlər k, elmi əsər yazmışam. Ayıbdır ee! Sən ömrünü kitabxanalarda keçirirsən, kimsə gəlib sənin yazdığını öz adına çıxarır” - deyə Yusif Səmədoğlunun həyat yoldaşı deyib.