“Heç bir rejissorun ixtiyarı yoxdur ki, azərbaycanlı qadınını mənfi yaxud da ona layiq olmayan bir obrazda göstərsin. Bu yolverilməzdir. Nəinki olmaz, çox ədəbsiz hərəkətdir. Hətta deyərdim ki, cinayətdir. Üstəlik də bu filmi sən göndərirsən xaricə və bütün dünyada Azərbaycan qadınını ləkələmək istəyirsən. Yaxşı ki, qarşısı tez bir zamanda alındı. Yay ayında “Ayıq sürücü” filmi ilə bağlı da mən öz fikirlərimi demişdim. Orada Buzovna kəndi ilə bağlı əxlaqsız bir səhnə var idi. Etiraz etdim, sağ olsun yaradıcı kollektiv mənimlə bir araya gəldi və həmin səhnəni filmdən çıxardılar. Bu filmlə bağlı da hara lazımdırsa müraciət etməyə hazıram. Olmaz, əxlaqsızlıqla film çəkməyi səhv salırlar”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib.
O, daha sonra əlavə edib:
“Bu filmi çəkən rejissor keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayevin qızıdır. O yəqin ki, acığa edir. Əbülfəs Qarayev nazir kimi yaxşı idi, sonradan işləri korladı. Məlum oldu ki, yeyinti edib. Tarixi abidələri tikməyin əvəzinə, həmin pulları mənimsəyib, qızının adına İngiltərədə banka qoyub. Bütün bunlar hamısı aşkar olandan sonra onu nazir postundan qovdular. Abidələrə baxan şöbənin müdirini isə həsb etdilər. Əbülfəs Qarayevin hazırda Ramiz Mehdiyevlə əlaqələrinin üzə çıxdığı aşkar olunub” deyə kinoşünas Aydın Kazımzadə bildirib.
Qeyd edək ki, rejissor Suada Qarayevanın "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalı çərçivəsində Bakı Beynəlxalq Film Festivalından çıxarılıb. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Suada sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.