Məhsəti Gəncəvini əxlaqsız kimi göstərənlərin planı - Eks-nazirin qızının qalmaqallı filmi - VİDEO
Mədəniyyət
193
18:05, Bu gün

Məhsəti Gəncəvini əxlaqsız kimi göstərənlərin planı - Eks-nazirin qızının qalmaqallı filmi - VİDEO

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın çəkdiyi "Məhsəti" filmi, əslində, Azərbaycan mədəniyyətinə yaradıcı töhfə deyil - illərlə nazirlik sistemində formalaşdırılmış saxta "mədəniyyət konsepsiyasının" canlı nümunəsidir.

Bu film təkcə uğursuz ekran işi yox, həm də milli dəyərlərə qarşı düşünülmüş və sistemli hörmətsizliyin vizual ifadəsidir.

Filmdə "Məhsəti Gəncəvi" obrazı faktiki olaraq təhqir edilir. Azərbaycan poeziyasının aparıcı qadın simvolunun kimliyi tarixdən təcrid edilir, milli poetik ənənədən qoparılır, "festival estetikası" uğruna bayağılaşdırılır, sanki köksüz, mənasız "qadın metaforası"na çevrilir. Bu, yaradıcılıq deyil. Bu, tarixi şəxsiyyətin nihilist təqdimatıdır.

Filmdə "Məhsəti" obrazının üzərinə yüklənən davranış və estetik çərçivə onun şəxsiyyətinə qətiyyən uyğun gəlmir və açıq-aydın şəkildə Azərbaycan mədəniyyətinə sayğısızlıq təsiri yaradır. Kostyumlar, məkan həlləri, danışıq tərzi, rekvizitlər - hamısı bir məqsədə xidmət edir: Azərbaycan irsini "xarici tamaşaçı üçün ekzotik material" kimi təqdim etməyə. Bu üslub illərdir bəzi çevrələrin təbliğ etdiyi xəstə tendensiyanın davamıdır: Azərbaycan mədəniyyətini özünə deyil, başqasına xoş görünmək üçün təhrif etmək.

Bu film milli irsin mahiyyətini göstərmir - onu karikaturaya çevirir. Qəsdən və sistemli şəkildə. Bu işi, sadəcə, gənc rejissorun uğursuzluğu kimi qiymətləndirmək sadəlövhlük olardı.

"Məhsəti" filmi Əbülfəs Qarayevin nazir olduğu dövrdə formalaşmış yanlış, köksüz, milli kimlikdən uzaq mədəniyyət yanaşmasının birbaşa davamıdır. Milli irsi müasirlik adı ilə deformasiyaya uğratmaqdır, tarixi simvolları öz kontekstindən qoparmaqdır, festival uğruna hər cür təhrifə yol verməkdir, mədəniyyətin mahiyyətini yox, vitrinini düşünməkdir.

Bu film o dönəmin ideoloji qalıqlarının ekrana köçürülmüş formasıdır. Yəni problem bir filmdə deyil, illərlə cinayət səviyyəsində aparılan yanlış mədəniyyət siyasətindədir. "Yaradıcılıq azadlığı" bəhanəsi ilə milli dəyərləri əzmək olmaz. Heç kim, heç bir sənətkar, heç bir "müasir sənət yanaşması" Azərbaycan mədəniyyətinə bu şəkildə davranmaq hüququna malik deyil.

Məhsəti Gəncəvi ədəbiyyat tariximizin güclü qadın simasıdır. Onun adına çəkilən filmdə tarixə ehtiram, mədəni dəyərə sayğı, poetik irsə bağlılıq, elmi əsas və sənət məsuliyyəti yoxdur. Ortada yalnız ambisiya, səthi yanaşma və milli kimliyi tamamilə anlamamaq var. Bu filmə tənqid yetərli deyil, məsuliyyət lazımdır. Çünki söhbət sıradan bir ekran əsərindən yox, Azərbaycan ədəbiyyatının simvolik qadın şəxsiyyətinin açıq-aşkar təhrifindən gedir.

Sözügedən dırnaqarası "Məhsəti" filmi göstərir ki, mədəniyyət sahəsində yenilənmə zəruridir, çünki köhnə idarəetmənin qalıqları hələ də özünü göstərir. Azərbaycan mədəniyyəti eksperiment meydanı deyil. Tarixi simvolların üzərində "yaradıcılıq oyunu" oynamaq da sənətkarlıq deyil, ən yumşaq ifadə ilə məsuliyyətsizlikdir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

Link kopyalandı!
Son xəbərlər