Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.
Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir.
Şura həm manipulyativ təqdimatları, həm də kontekstdən kənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun hesab etməyib.
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı filmin rejissoru və ssenari müəllifi, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə əlaqə saxlanılıb.
Suad Qarayeva Bədii Şuranın qərarını təəssüflə qarşıladığını bildirib:
"Əlbəttə, film üzərində çalışanda ilk növbədə öz yerli auditoriyanı düşünürsən, öz yaxınlarını fikirləşirsən. Nəsə yeni bir şey etməyə çalışırsan ki, tamaşaçı baxandan sonra fikrini bildirsin. Bu rəylər həmişə pozitiv olmaya bilər, amma nə qədər müzakirə olsa, o qədər yaxşıdır - diskussiya sənət üçün vacibdir. Bakı Film Festivalının komandası ilə də əlaqədə idim, təəssüf ki, lisenziya olmadan filmi göstərə bilmirlər".
O, sosial mediada səslənən tənqidlərə də münasibət bildirib:
"İlk açıqlamaları özüm verdim, çünki film ilk növbədə rejissorun və prodüserlərin öhdəliyidir. Hesab edirəm ki, sənətə Şura prizmasından baxış bizi incəsənət baxımından geri salır".
Rejissor tənqid olunan obrazla bağlı əlavə edib ki, filmdə Məhsəti Gəncəvini canlandıran Mina adlı gənc teatr aktrisasıdır:
"O, səhnədə Məhsəti rolunu oynamaq istəyir və şairənin şeirlərindən ilhamlanır. Bu film Məhsəti Gəncəvinin həyatı haqqında sənədli ekran işi deyil. Onun şeirləri bütün mənbələrdə mövcuddur - istənilən adam internetdə oxuya bilər. Məhsətinin o dövr üçün cəsarətli və azad poeziyası məni azad bir qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclərin sərbəstliyi, öz seçimlərini özlərinin etməsi həm sənətdə, həm həyatda mənə maraqlıdır. Dünya kinosunda bu yeni fikir deyil, film də müasir dövrün ritminə uyğun olaraq yaradılıb. Məhsəti Gəncəvinin şeirləri isə min il əvvəl yazılsa da, bu gün də hamını heyrətləndirir".
Suad Qarayeva bildirib ki, film artıq beynəlxalq festivallarda nümayiş olunur:
"Film ABŞ-də Mammoth Lakes Film Festivalında göstərilib. Çox istedadlı aktrisamız Fərqanə Abdullayeva Milan "Independent Film Awards"da "Best Actress" mükafatını qazanıb. Fevralda film Londonda festivalda nümayiş etdiriləcək. Bundan sonrasını isə filmin distribütorları - "Origine Films" müəyyən edəcək".