“Kinoda əməyim qiymətləndirilməyib. Bədii filmlər çəkmişəm, filmlərdə rejissor asistenti və ikinci rejissor olaraq çalışmışam. Yeri gələndə lap kaskadyoluq da etmişəm. Bir sözlə yaxşı işçi olmuşam. Kinoda çox şeyə baş qoşurdum və hər şeyi də yarıtdığım üçün düşmənlərim çox idi. Heç kimə indiyə qədər deməmişəm ki, mənim filankəsimi işə düzət, amma məndən çox xahiş ediblər və yerinə yetirmişəm. Qürurlu insanam. Mən niyə gedib Mədəniyyət Nazirliyinə yalvarmalıyam ki, mənə ad verin? O günə hələ düşməmişəm. Onlar guya məni tanımırlar”.
Bunu Moderator.az-a açıqlamasında aktyor-rejissor Yusif Əlizadə deyib.
O, daha sonra xalq artisti Şəfiqə Məmmədovanın onu kinoda “təsadüfi adam” adlandırmasını sərt tənqid edib:
“Şəfiqə Məmmədova deyir ki, “sən kino üçün təsadüfi adamsan, kino işçisi deyilsən”. Mən başa düşə bilmirəm, o zaman kinoda işləməmişəm? Belə çıxır ki, mən ömrüm boyu hansısa obyektdə gözətçi işləmişəm, ağac kölgəsində nərd oynayıb, armudu stəkanda çay içmişəm. O qadın kimi qiymətləndirib ki, məni də qiymətləndirsin? Məni qəbul edib, bir dəfə danışmışıq da. Amma nəticəsi olmayıb. Mənim heç kimdən asılacağım yoxdur, xahiş də etmirəm, bundan sonra heç nə verməsinlər. O hər zaman mənə mane olub. Dərbənddə 2-3 villası var. Onları soruşmaq lazımdır ki, hansı pulla tikdirib? 2-3 filmə çəkilməklə bu qədər var-dövlətə sahib olmaq olmaz” - deyə sənətkar bildirib.
Aktyorun iddialarıyla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.