Bakı Uşaq və Gənclər Teatrından Zəfər gününə ÖZƏL layihə -bu dəfə Füzulidə+FOTO
Mədəniyyət
919
08:58, Bu gün

Bakı Uşaq və Gənclər Teatrından Zəfər gününə ÖZƏL layihə -bu dəfə Füzulidə+FOTO

Moderator.az xəbər verir ki, qələbəmizin 5 illiyinə həsr olunmuş “Addım-addım Vətəndə” layihəsi çərçivəsində  Bakı Uşaq və Gənclər Teatrı ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirir. Sözügedən layihənin üçüncü səfəri 7 noyabrda Füzuli Dövlət Dram Teatrı  ilə birgə Horadiz şəhərində həyata keçirilib.

Tədbirin aparıcıları Füzuli Dövlət Dram Teatrının aktrisası Püstə Əhmədova, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımız bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Daha sonra hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verilib. Hər iki teatrın rəhbərlərini-Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı və Azər Abbasovu səhnəyə dəvət ediblər. Azər Abbasov Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq uğurlar arzulayıb. 

Proqramda Füzuli Dövlət Dram Teatrının aktyorları İntizar Quliyeva və  Zamin Quliyevin ifasında Qarabağa həsr olunmuş kompozisiya nümayiş olunub.

Kompozisiyanın rejissoru FDDT baş rejissoru, prezident mükafatçısı Mirzə Nicatdır. Daha sonra Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan "Vətən" tamaşası aktyorlar - Niyaz İlyasoğlu, Rauf Hüseynli, Qurban Əhmədovun ifasında nümayiş olunub. Tamaşanın rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Füzuli Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının 
“ADDIM-ADDIM VƏTƏNDƏ” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib. Füzuli Dövlət Dram Teatrının direktor əvəzedicisi Azər Abbasov isə Bakı Uşaq və Gənclər teatrına Fəxri Fərman təqdim edib.

Layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurulması planlaşdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər