Erməni rollarının mahir ifaçısı-“Xoren-xoren” deyib məni hirsləndirirlər” -FOTO+ÖZƏL
Mədəniyyət
214
05 Nov 2025 | 22:55

Erməni rollarının mahir ifaçısı-“Xoren-xoren” deyib məni hirsləndirirlər” -FOTO+ÖZƏL

“Vaxtilə “Qaravəlli” tamaşalarında oynamışam. Əvvəllər bunu bazar meydanlarında oynayırdılar. O vaxt qrim yox idi, aktyorlar üzlərinə un, yumurta sarısı vururdular. “Qaravəlli” oyunları belə yayılıb. 70-ci illərdən başlamışam, 2 il əvvələ kimi oynayırdım. Hazırda 75 yaşım var. “İrs” fokolklor ansamblında meydanbəyi idim. Müəllimim Fərəc Nağı idi. O bilirsiniz hansı aktyor idi? “O olmasın, bu olsun” filmində hamam səhnəsində Məşədi İbadı geyindirir. Milyonçu Musa Nağıyevin oğlu idi. O mənə dedi ki, “çalış bu qaravəllini yay”. Bu tamaşalarla bütün dünya ölkələrini gəzmişik. Rejissor kimi kiçik filmlərim o vaxt efirlərdə nümayiş etdirilib. Özümüz çəkib, özümüz montaj edirdik. İndi çəkdin, o dəqiqə də göstərirsən. Televiziyada bunlara niyə heç olmasa ayda 1 dəfə vaxt ayrılmır? Boş-boş verilişlərdənsə, 3 dəqiqədən 15-dəqiqəyə qədər həvəskar sujetlər hazırlansın. Orada operator da çıxacaq, rejissor da”.

Bunu Moderator.az-a açıqlamasında aktyor və rejissor Fərəc Fərəcov deyib.

O daha sonra əlavə edib:

“Bilirsiniz ki, məni geniş tamaşaçı kütləsi “Fəryad” filmindəki Xoren rolu ilə tanıdılar. Mənə “xoren-xoren” deyirdilər. Hirslənirdim, özümdən çıxırdım. Deyirdilər ki, niyə hirslənirsən? Demək ki, yaxşı oynamısan da! “Ağ atlı oğlan” filmində də erməni rolunu oynamışam. Ənvər Əbluc məni təqdim edəndə demişdi ki, “hər kişinin işi deyil ki, iki erməni rolu ilə tanınsın, məşhurlaşsın”. Belə rollarda aktyorun sifəti dəyişir, başqalaşır. Amma elə aktyorlar var ki, heç dəyişmir. Rolu sevdirmək üçün gərək rolu özününkü edəsən. Çox deyirlər ki, gəlin bu rolu oynayın. Görürəm ki, bu mənlik deyil də. Çəkilsəm, sonra deyəcəklər ki, bu nədir oynadın? Vacibdir oynayasan?! Üstünə düşəni oynamaq lazımdır. Qoy biri desin ki, bunu pis oynamısan. Tamaşalar göstərirlər, deyirlər, arada özlərini də gülmək tutur. Özləri deyib, özləri gülürlər. Çarli Çaplin danışmırdı, amma sənət göstərirdi. Özün inanmalısan, sonra özünü inandırmalısan. Bir də görürsən şitliyi ilə tamaşaçı yorur. Bilmir nə şitlik etsin? Nəsə maraqlı ştrix tapmaq lazımdır. Yaradıcılıq budur. Başqa aktyorun etdiyini niyə etməlisən ki?” deyə sənətkar bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər