“İşsizliyim, sosial vəziyyətim televiziyada işıqlandırıldıqdan sonra ümidlərim çoxaldı ki, bəlkə nazirlik mənə kömək edər. Məni nə teatra işə düzətdilər, nə də ki, başqa bir kömək olundu. Sadəcə olaraq teatrdan truppa müdiri məndən əmək kitabçasının nüsxəsini istədi, mən elə bildim ki, Musiqili Teatra işə düzələcəm. Sən demə bu məsələnin mənim işə düzəlməyimlə bağlı heç bir aidiyyatı yoxdur. O vaxt Mədəniyyət Naziri vəzifəyə yeni gələndə mənə iki dəfə zəng etdi. Bir dəfə hətta hədiyyə də yollayıb. Ondan sonra mənimlə əlaqə saxlayan olmayıb. Bəlkə dediklərim onların xətrinə dəyib. Əgər inciməyiblərsə çağırıb, görüşsünlər, dərdimi eşitsinlər. 336 manat pensiyamı alıb evdə oturmuşam. Qapı döyməyi də sevmirəm”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.
O daha sonra bəzi məsələlərin gündəmə gəlməsində medianın rolundan danışıb:
“Media işçiləri ən çətin və məşəqqətli peşə sahibləridir. Jurnalist olmaq, düzü düz, əyrini əyri göstərmək çox çətindir. Media mənim istər xəstəliyimlə, istərsə də işsizliyimlə, sosial vəziyyətimlə bağlı bəzi məsələləri qabarıq şəkildə göstərib. Mən onların hər birinə təşəkkür edirəm. Amma bununla yanaşı çatışmayan cəhətlər də var. Ələxsus da televiziyalarda. Efirlər reytinq qazanmaq üçün bir çox situatsiyalara əl atır. Düzdür, belə şeylərə mənim münasibətim çox pisdir, amma onlar da maaş almaq üçün veriliş reytinq verməlidir də. Reytinq verməyən verilişin yayımını dayandırırlar. Bu artıq bütün dünyada belədir. Amma bizdə mental dəyərlər var, onları qorumalıyıq. Təəssüf ki, bu şablondan çıxa bilmirik. Bu televiziyanın etdiyini o biri televiziya da edir. Efirdə dava salmaq, ağlamaq, bir-birinə təhqirlər söyləmək dəb halını alıb. Orada gərək aktyorluq da edəsən" deyə sənətkar bildirib.