“Teatr fəaliyyətimə 2020-ci ildə başlamışam. Bir neçə ay çalışandan sonra müharibə başladı, mən cəbhəyə yollandım. Sentyabr ayının 21-i getdim, dekabrın 31-də təxris olundum. 3 ay müddətində Füzuli və Suqovuşandakı döyüşlərdə iştirak etmişəm. Ölkə başçısı hər iki bölgənin azad olunmasında göstərdiyim qəhrəmanlığa görə məni təltif edib. Bir də “Vətən müharibəsi iştirakçısı” medalım var. Teatrda hər şeyi yarım qoyub getmişdim. Qayıdanda sanki hər şeyə sıfırdan başladım. Cəbhədə olduğum müddətdə kollektivim hər zaman mənə diqqət göstərirdi. Çoxlarının mənə əli çatmırdı, əli çatanlar isə hal-əhval tuturdular. Qayıdandan sonra rejissorlar bir-birinin ardınca mənə rollar verdi. Dövlət tədbirlərində, teatrın sezon açılışı və bağlanışında vətənpərvər tamaşaların hər birində həmkarım, vətən müharibəsi iştirakçısı Qurban Əhmədovla dublyor olmuşam. Belə səhnə əsərlərində çıxış etməyin özü belə çox böyük məsuliyyət və fəxarətdir”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının aktyoru Royal Savalan deyib. İki sənət təhsili alan aktyor bu sahədə təhsilsiz aktyorların da çox olduğunu bildirib.
O deyir ki, aktyora savad, təhsil hər zaman lazımdır:
“Biz aktyorlar bəzən bu mövzu haqda söhbət edirik, fikirlərimizi bölüşürük. Mən 2010-cu ildə Bakı Humanitar Kollecinə daxil olmuşam, 4 il oranı oxumuşam. 4 il də Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakültəsini bitirmişəm. Xalq artisti Məmmədsəfa Qasımovun tələbəsi olmuşam. Ondan sonra teatra gəlmişəm. Bu qədər təhsil, Bakı Uşaq və Gənclər Teatrında fəaliyyətim, seriallarda iştirak etməklər və s. Amma bu gün fərqlidir. Hər əlinə mikrofon götürən müğənni, kamera götürən rejissor, kamera qarşısına keçən isə aktyordur. Çox maraqlıdır, bəzən onlara sual versən sənə korifey aktyorlar kimi cavab verəcəklər. Mən onlara qarşı mübarizədə təkəm. Heç tək olmasaydım belə mübarizə aparmazdım. Ortalığa nəsə çıxarmağa çalışırlar. Təki yaxşı işlər çıxarsınlar. Amma onu da deyim ki, bu gün gündəmdə olan hansısa bir serialda təhsilsiz aktyorlarımız da var. Onlara baxıram və peşəkarlıqlarına heyran oluram. Əlbəttə ki, bu fitri istedaddır. 100-dən 1-də belə ola bilər. Amma aktyor təhsil almalıdır” deyə aktyor bildirib.
Aktyor bildirib ki, sənətçi bütün qayğılardan azad olmalıdır. O səhnədə ancaq rolunu düşünməli, gözəl şəraitli səhnə ocaqlarında çalışmalıdır. Amma uzun illərdir doğma teatrının köçkün şəraitdə fəaliyyət göstərməsi digər həmkarları kimi onu da üzür:
“Analoji vəziyyət bir çox teatrlarda var. Teatrın şəxsi binasının olmamağı təkcə bizdə deyil. Dövlət Yuğ teatrının da binası yoxdur. Yuğ da hazırda Kukla teatrının nəzdində məskunlaşıb. İstərdim ki, hər teatrın binası olsun, özünün gözəl işıqlı otaqları, səhnəsi olsun. Biz səhnənin tozunu-torpağını uduruq. Elə tamaşalar var ki, biz orada çox şey edə bilərik, amma imkanlarımız məhdud saydadır. Hansı ki, uşaqlar üçün daha maraqlı texnikalarla tamaşa göstərə bilərik. Uşaq macəra, maraq istəyir. Bu baxımdan reallaşmayan rollarım çoxdur. O qədər çoxdur ki, bilmirəm hansından başlayım? Danışmaqla bitmir. Bakı Uşaq və Gənclər teatrının kollektivindən başqa kollektivi sevə bilmərəm. Bu gün maddiyata görə mən həm də başqa sahədə çalışıram. Bu sənətə gələndə maddiyatı düşünməmişəm, amma bir müddətdən sonra heç nə edə bilməyəndə, yaşım keçəndən sonra düşündüm ki, paralel başqa sahədə də çalışmalıyam. Amma teatr hər zaman mənim qəlbimdədir” deyə aktyor bildirib.