Mədəniyyət
223
09:52, Bu gün

"Tağıyev" filminin aktyoru: "Sona xanımın Hacıya xəyanətinə inanmıram" - MÜSAHİBƏ

Tanınmış aktyor Sənan Əlləz "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
 
Moderator.az müsahibəni təqdim edir:
 
- Kino Akademiyası "Tağıyev: Neft" filmini "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında 98-ci "Oskar" mükafatına namizəd kimi təqdim edib. Sizcə, filmin "Oskar" mükafatını qazanmaq potensialı varmı?
 
- Bakı Media Mərkəzinin istehsalı olan dörd hissəli “Tağıyev” bədii filmi Azərbaycanın tanınmış tarixi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevin həyatının dörd fərqli mərhələsinə işıq tutur. Mənə görə, bu film 30 illik müstəqil kino tariximizdə ərsəyə gətirilən ən yaxşı filmlərdən biridir. Bütün meyarları ilə - kastinqdən tutmuş rejissor işinə, aktyor oyunu və quruluşçu rəssam fəaliyyətinə qədər yüksək səviyyədədir.
 
Film dörd hissədən - "Tağıyev: Neft", “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəbi”dən ibarətdir. Azərbaycan kinosu üçün böyük qürur mənbəyidir ki, “Tağıyev: Neft” filmi bu il “Oskar” mükafatına namizəd göstərilib. Bu, milli kino tarixində mühüm və mötəbər hadisədir.
 
“Tağıyev: Neft” filmi oktyabr ayında “longlist”ə (uzun siyahıya) daxil olunacaq. “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyası üzrə qısa siyahı dekabrın 16-da, əsas nominasiyalar isə yanvarın 15-də elan ediləcək. Mükafatlandırma mərasimi isə martın 15-də Los-Ancelesdə baş tutacaq.
 
Bu barədə rejissor Zaur Qasımlı və prodüser Orman Əliyev daha ətraflı məlumat verə bilər. Ola bilsin, xarici film kimi ən yaxşı filmlər arasında “Tağıyev: Neft” də yer alsın.
 
- Filmdə Hacı Tağıyevin oğlu İsmayıl Tağıyev obrazını canlandırırsınız. Sizə bu layihədə rol təklifi necə gəldi?
 
- 2020-ci ildə, pandemiya dövründə əlimə bir kitab keçdi - "Oxuduqlarım, eşitdiklərim və gördüklərim". Kitabı oxuyarkən Hacı Zeynalabdin Tağıyevin həyatına və onun oğlu İsmayıl Tağıyevin adına rast gəldim. Həm Hacı Zeynalabdin Tağıyev, həm də onun oğlu İsmayıl haqqında oxuduqca onların hekayələri məni dərindən cəlb etdi. Bu məsələdən üç il sonra filmə dəvət aldım.
 
Kitabı oxuduqdan sonra yaxın çevrəmə dedim ki, kaş Hacı Zeynalabdin Tağıyev haqqında film çəkiləydi. Onun oğlu İsmayıl Tağıyev çox kinoqrafik obrazdır. Sanki doğulandan ölənə qədər bütün həyatı kino tarixçəsidir. Bu məsələ orada bitdi.
 
2022-ci ildə Qaxda “Şeyx Sənan” çoxseriyalı bədii filminin çəkilişləri gedirdi. “Tağıyev” filminin kastinqləri də başlamışdı. Kastinq direktorumuz Reyhan İsayeva mənə dedi ki, hazırda kastinq gedir. Yenə dostlarıma, ailəmə bildirdim ki, Hacı Zeynalabdin Tağıyev haqqında film çəkilir və əgər İsmayıl obrazına məni dəvət etsələr, yaxşı olar. Bu obraz haqqında əlavə məlumatlar da toplamışdım.
 
İsmayıl Tağıyev obrazı üçün kastinqdə 25-30 aktyor iştirak etdi. Mən sonuncu dəvət olunanlardan idim. Reyhan İsayeva mənə zəng etdi, dedi, sənə iki rol göndərəcəyik, hazırlaş. Hacı Zeynalabdin Tağıyevin oğlanları Sadıq və İsmayıl Tağıyev obrazları idi. Sadıq roluna baxmadım, çünki məqsədim İsmayılı canlandırmaq idi. Kastinqə gedərkən də bildirmişdim ki, “İsmayıldan əlinizi üzün, bu rolu mən oynayacam”.
 
Bilyard səhnəsində məşq zamanı rejissor dedi ki, əvvəlcə İsmayılı, sonra Sadığı oyna. Bilərəkdən Sadıq obrazını zəif ifa etdim.
 
Məşq prosesində Zaur bir səhnəni təkrar çəkdi. İsmayıl qardaşının qarşısında acizliyini bildirirdi. Mən məşqdə səhnəni dəyişdim, diz çökərək qardaşımın ayaqlarını qucaqladım. Real çəkilişdə həmin səhnəni dəyişdirib Nurcahanın ayaqlarını qucaqladım. Bu jest rejissorun çox xoş gəlmişdi. Əmin idim ki, bu obrazı mən canlandıracam.
 
Reyhan İsayeva bir həftə sonra zəng edib uşaqlıq şəkillərimi istəyəndə bildim ki, İsmayıl obrazına məni seçiblər. Yekun qərarı hələ eşitmədən evdə bayram edirdim. Bu, mənim üçün alın yazısı idi.
 
- İsmayıl obrazında sizi ən çox cəlb edən nə idi?
 
- İsmayıl Tağıyev həmişə özünü atasına bərabər tutub. Həyatının bütün mərhələlərində - neft sənayesində, Tağıyevin çarla görüşündə, Sonayla izdivaca girərkən, özü müstəqil ailə qurarkən - bu xarakter özünü göstərir. Hacı Zeynalabdin Tağıyevə "filan yerdə doğru yoldasan, digər hallarda isə səhvsən" deyə biləcək yeganə insandır. Belə xarakterli obraz aktyor tərəfindən sevməyə bilməz.
 
İsmayıl Tağıyevin ipə-sapa yatmazlığı, heç bir qəlibə sığmayan xarakteri məni ən çox cəlb edən xüsusiyyətlərindəndi.
 
Mən özüm həyatda emosional insanam. Bəzən sonuncu sözü əvvəldə deyirəm. Amma etiraf etməliyəm ki, İsmayıl qədər “saatlı bomba” ola bilmərəm.
 
- “Tağıyev” filmində sizin üçün ən təsirli səhnə hansıdır?
 
- “Tağıyev: Sona"da ov səhnəsində çox duyğusal anlar yaşadım. Səhnənin məşqində rejissorumuz Zaur Qasımov dedi ki, ağlamaq lazım deyil. İnsanın valideynindən üz döndərməsi çox ağır prosesdir. Anasının ölümü İsmayıla dərin təsir göstərir. İsmayıl birinci bölümdə axunda deyir: "Mənim anama neft lazım deyildi. Sənin Allahın ədalətli deyil. Mənim anamı sənin Allahın apardı. Anamın heç bir günahı yox idi".
 
Bu sözlər bugünkü tamaşaçı üçün sərt səslənə bilər, bəlkə də məni bu fikrimə görə qınayacaqlar. İsmayıl uşaqlıqdan atasının yanında olub. Real tarixdə o, altıncı sinifdən məktəbdən çıxıb, deyib, mən milyonçu olacam. Anasızlıq ona böyük bir travma yaşadıb. Biz bu travmanı serialın ikinci və üçüncü bölümlərində göstərdik.
 
- "Tağıyev" obrazı real tarixi şəxsiyyət kimi təqdim olunub, yoxsa bədii elementlərə daha çox yer verilib?
 
- Təbii ki, bu, bədii filmdir. Sənədli film olsaydı, tam fərqli çəkilərdi. Mən deməyəcəm ki, Tağıyev tam bədii və ya tam real tarixi obraz kimi təqdim olunub. Amma bir şeyi dəqiq deyə bilərəm: bu, bizim Tağıyevimizdir. Bizim komandanın Tağıyevi, İsmayılı, Nurcahanı və Sonasıdır.
 
Əgər gələcəkdə kimsə Tağıyev haqqında film çəksə, nə gözəl, qoy çəksinlər və öz Tağıyevlərini yaratsınlar. Biz Tağıyevi belə görmüşük, səhvləri ilə, düzləri ilə... Təbii ki, tamaşaçının tənqid etməyə haqqı var. İş varsa, tənqid də olacaq. Biz öz işimizə görə tənqidə tam açığıq.
 
Filmdə bütün səhnələrimi sevirəm, amma iki səhnə mənim üçün çox təsirlidir, ov səhnəsi və yataq otağında İsmayılla Nurcahanın bir-birinə nifrət, kini... Düşünürəm ki, tarixdə İsmayıl Tağıyevin üzünə çəkilməsi gərəkən gecikmiş şilləni biz o səhnədə Nurcahan vasitəsilə vurduq.
 
Nurcahan İsmayıla şillə vurur, İsmayıl Nurcahanın ayaqlarına qapanır!..
 
- Sizin canlandırdığınız obrazın hekayəsi serialın neçənci bölümündə yekunlaşır?
 
- Bu haqda əvvəlcədən danışmaq istəmirəm. Sentyabrın 1-də Tağıyevin vəfatından 101 il ötürdü. Mən və rejissor Pərviz Məmmədrzayev birlikdə Mərdəkan qəsəbəsində Hacının məzarını ziyarət etdik. O, Pir Həsən ziyarətgahında, Hacı Turabın ayaqları altında dəfn olunub.
 
Məzarı ziyarət edəndə Hacının qohumları ilə rastlaşdıq. Sara xanımın nəvəsi və nəticəsi də gəlmişdilər. Sara xanım Hacı ilə Sona xanımın kiçik qızıdır. Soruşdular ki, Hacı-İsmayıl konfliktini çəkmisinizmi?! Çünki bu konflikti hər kəs bilirdi.
 
Real tarixdə də İsmayıl Sona ilə evlənən atasından üz döndərir. Qeyd edim ki, Sona İsmayılın baldızı, yəni Nurcahanın bacısı idi. İsmayıl həyat yoldaşını da boşayır. Nurcahanla nə qədər böyük sevgiləri olsa da İsmayılın ciddi uşaqlıq tramvaları və psixoloji problemləri vardı.
 
- Niyə İsmayıl atasının Sona Ərəblinski ilə evlənməsini istəmir?
 
- Baldızı olduğu üçün. Amma bəlkə bu etirazın altında başqa səbəblər də var. Mən inanmıram ki, yaş fərqi önəmli rol oynasın, çünki o vaxt Azərbaycanda yaş fərqi çox da vacib hesab edilmirdi. Həddi-buluğa çatmış qızlar 14-15 yaşlarında ailə qururdu. Atasının Sonadan çox böyük olması da əsas səbəb deyil. Bəzi mənbələrdə yaş fərqi 58, bəzilərində isə 48 göstərilir, dəqiq tarix məlum deyil.
 
Filmdə İsmayıl atasına deyir: "Gəl sənə başqa qız tapaq. Bütöv Rusiya imperiyasında qız tapa bilmədik, niyə məhz Sona?" O, rahatdır, anlayır ki, atası ikinci dəfə ailə qura, hətta Sonadan da kiçik yaşlı qızı ala bilər. Amma Sona olmasın. Bilmirəm İsmayılın Sona ilə bağlı narazılığının əsas səbəbi nədir, bəlkə utanır ki, hamı onların münasibətlərindən danışacaq, deyəcəklər ata-oğul bacanaq olurlar...
 
Mən rejissoruzla bu mövzunu müzakirə etmişəm və belə nəticəyə gəlmişəm ki, İsmayılını narazılığ təkcə baldız məsələsi deyil. Amma Zaur Qasımlı mənimlə razılaşmadı...
 
- Hacı Zeynalabdin Tağıyevin qızı Sara dilənçilik də edib.
 
- Bəli, sovet hakimiyyət Hacı Zeynalabdin Tağıyevin bütün var-dövləti əlindən aldı. Təsəvvür edin, Sara xanım kimsəsiz və kasıb vəziyyətdə indiki Tarix Muzeyinin (Tağıyevin evi olub - red.) qarşısında oturub, yoldan keçənlərə əl açırdı. Bu vəziyyət mənə çox pis təsir etdi. Bütün Bakını quran şəxsin qızı o vəziyyətə düşür.
 
- Sona Ərəblinskinin Hacı Zeynalabdin Tağıyevlə münasibətlərində xəyanət motivi nə dərəcədə əsaslandırılıb?
 
- Hacı Zeynalabdin Tağıyev elə bir şəxsiyyətdir ki, ona heç kim xəyanət edə bilməz, nəinki Sona. Xəyanət iddiaları sadəcə sovet hakimiyyəti dövründə onun nüfuzunu zədələmək üçün aparılan əks-təbliğatdır. Mən Sonanın Hacıya xəyanət etməsinə inanmıram. Tarixi çox oxumuşam, araşdırmışam, indi də araşdırıram.
 
Nə qədər axtarsam da, Sonanın Hacıya xəyanəti ilə bağlı yazılı heç bir məlumat tapa bilməmişəm.
 
Hüseyn Ərəblinskini Hacı Zeynalabdin Tağıyev teatrı formalaşdırmışdı. Onların himayədarı məhz Tağıyev idi. Ərəblinski çox böyük əqidə sahibiydi. Düşünmürəm ki, bu dərəcədə əqidəli insan başqa bir azərbaycanlının həyat yoldaşına qeyri-etik yanaşardı.
 
Sona xanım fransız təhsilli, maarifpərvər, çox intellektual, teatrı sevən bir qadın idi. Tağıyev teatrı onların öz teatrı idi və Sona bütün tamaşalarda iştirak edirdi. Sona xanım Hüseyn Ərəblinskiyə bir aktyor kimi pərəstiş edirdi. Bu, mənim şəxsi fikrimdir.
 
- Filmdə sizin obrazınız necə bitir?
 
- Dördüncü hissə hələ yayıma çıxmayıb. Orada Tağıyev qızlar məktəbinin açılması üçün mübarizə aparır. Filmdə gərgin mübarizə mövzusu var. Ümumiyyətlə, mənim obrazım filmdə müəmmalı şəkildə başa çatır. Həyatda da İsmayılın taleyi tam aydın deyil. Sonrakı taleyi barədə dəqiq məlumat yoxdur.
 
Bəziləri deyir ki, İsmayıl Sankt-Peterburqa köçüb, zaman-zaman Bakıya gəlib-gedib. Bildiyim bir fakt var ki, Hacı Zeynalabdin Tağıyevin oğlu İsmayıl Tağıyev həyat yoldaşı Nurcahan Ərəblinskayadan səkkiz il sonra, Sona ilə eyni dövrdə ata olub. Onun iki oğlu dünyaya gəlir.
 
Tarixdə bilinməyən bir faktı deyəcəm. Deməli, uşaqlar dünyaya gəldikdən sonra İsmayıl Tağıyev Nurcahanı boşayır və övladlarını özü ilə Sankt-Peterburqa qaçırır. Daha sonra Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Nurcahan övladlarını tapır. Onlar artıq 1920-ci illərdə Bakıya qayıdırlar.
 
1918-ci ildə Xalq Cümhuriyyəti dövründə Azərbaycanın xaricdə təhsil almış ilk tələbələrindən biri də İsmayıl Tağıyevin oğlu olub. Daha sonra ailə Türkiyəyə köçür və orada Tağıyevlər nəslinin davamı "Tagi" soyadı ilə yaşayır. İsmayıl Tağıyevin oğlu uzun illər Türkiyədə dəmiryolu sahəsində mühəndis kimi fəaliyyət göstərib.
 
Hazırda onun övladları yaşayır və mən onlarla görüşmək istərdim. Bu mövzu ilə bağlı bir ideyam var.
 
- Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Tağıyev" filminin çəkiliş meydançasında oldu və çəkiliş prosesini izlədi.
 
- Filmin baş prodüseri Arzu Əliyeva Azərbaycan kinosuna böyük bir hədiyyə bəxş etdi, "Tağıyev" filmini. Bundan əvvəl də Bakı Media Mərkəzi "Əbədi ezamiyyət", "Miras" kimi bədii-sənədli filmlər çəkmişdi. Onlar da Azərbaycan film səhəsi üçün çox dəyərli işlərdi.
 
“Tağıyev” Azərbaycan kinematoqrafiyasında bədii formada çəkilən ilk filmlərdən biridir. Mən Arzu Əliyevaya bir aktyor kimi təşəkkürümü bildirirəm ki, bu layihəni əvvəldən sona qədər dəstəklədi və bu filmin baş prodüseri oldu. Xüsusilə, bazar səhnəsinin çəkilişi zamanı Arzu xanım orada iştirak edirdi.
Link kopyalandı!
Son xəbərlər