Bakı Media Mərkəzinin istehsalı olan
Mədəniyyət
202
15:08, Bu gün

Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Sona" bədii filminin təqdimat mərasimi keçirilib - VİDEO

Oktyabrın 3-də Nizami Kino Mərkəzində "Tağıyev: Sona" bədii filminin təqdimat mərasimi baş tutub.

Mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və mədəniyyət xadimləri iştirak ediblər.

"Tağıyev: Sona" filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin üçüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Taleyin çətin yollarından keçən Hacı Zeynalabdin Tağıyevin illər sonra həyatına gənc və savadlı Sona xanım daxil olur. Bu gənc xanıma qarşı duyduğu sevgi onu yeni maneələrlə üz-üzə qoyur. "Tağıyev: Sona" filmində məhz məşhur xeyriyyəçi ilə onun qəlbinə yol tapan Sona xanımın maneələri aşan unudulmaz məhəbbət hekayəsi əks olunub. Filmdə iradənin gücü, sədaqətin sınağı və sevginin yüksəlişinə şahid olacaq izləyicilər ilk iki bölümündəki obrazların da həyatlarında baş verən dəyişiklikləri yaxından görmüş olacaqlar.

Məlumat üçün bildirək ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü "Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. Filmin ilk iki bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Məlumat üçün deyək ki, "Tağıyev: Neft" və "Tağıyev: Çar" filmlərinin ölkə üzrə kinoteatrlarda 110 mindən çox tamaşaçı izləyib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir. Bu il Azərbaycanın qədim və zəngin tarixə malik Naxçıvan diyarında da hər iki filmin geniş təqdimat mərasimləri baş tutub.

Bu uğurun davamı olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən 98-ci Kino Akademiyası Mükafatları ("Oscar") üzrə Azərbaycan Film Seçim Komitəsi rəsmi olaraq "Tağıyev: Neft" filmini Azərbaycanın "Ən Yaxşı Beynəlxalq Bədii Film" kateqoriyasında 98-ci Kino Akademiyası Mükafatlarında (2026) - "Oscar" mükafatlarında təmsilçisi seçib. Bununla yanaşı bədii filmin ilk bölümü dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Dördhissəli film Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks elətdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Film, Şərqdə ilk "Qızlar məktəbi"nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada göstərir.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks elətdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Sonda məlumat üçün bildirək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks elətdirən "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz" və "Şuşa, sən azadsan!" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filmini ərsəyə gətirməklə Mərkəz Azərbaycanın tarixi kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olur.

"Tağıyev: Sona" bədii filminin treylerini aşağıdakı linkdən izləmək olar:

 

Link kopyalandı!
Son xəbərlər