"Mən “Leyli və Məcnun” operası əsasında film çəkilməsi təklifimi uzun müddətdir gündəmə gətirirəm. Hesab edirəm ki, bununla biz əsəri daha geniş auditoriyaya təqdim edə bilərik".
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli ötən həftə “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı Beynəlxalq Forumda səsləndirdiyi və böyük marağa səbəb olan təklifini şərh edərkən deyib.
“İstəyirəm ki, “Leyli və Məcnun” nəinki tamaşa, müasir texnologiyalarla hazırlanmış film formasında təqdim olunsun. Bu rolları ifa etmək həm aktyorluq, həm də vokal baxımından çətindir. Tarixdə buna bənzər nümunələr var.
Məsələn, Çaykovskinin "Yevgeni Onegin" operası film şəklində təqdim olunub. Orada peşəkar aktyorlar obrazları canlandırırdı, amma vokal hissələri peşəkar opera müğənniləri ifa edirdi. Bu, çox təsirli idi.
Fikir versəniz, Məcnunu oynayanda oxumaq, hərəkət etmək, təbiiliyi qorumaq çətindir. Leyli və Məcnun 15–16 yaşlı gənclərdirlər, səhnədə bu rolları adətən 35–40 yaşlı vokalistlər ifa edir. Bu, tamaşada olar, filmdə yox".
Xalq artistinin sözlərinə görə, filmdə real yaşda və uyğun görünüşdə aktyorlarla işləmək lazımdır: “Mənim təsəvvürümdə film səhrada, təbii məkanlarda, ərəb atmosferində çəkilə bilər. Bu, əsərin ruhuna daha uyğundur. Təəssüf ki, ərəb ölkələrində bu mövzuya ciddi yanaşılmır.
Dubayda olduğum vaxt bu ideyanı dəfələrlə gündəmə gətirdim. İzah etdim ki, Leyli və Qeys sizin ədəbiyyat və mədəniyyətinizin qəhrəmanlarıdır. Təəssüf ki, orada simfonik musiqiyə və klassik operaya biganə yanaşırlar”.