“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar”- Xalq artistinə LAQEYD münasibət - ÖZƏL
Mədəniyyət
606
08 Sep 2025 | 23:45

“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar”- Xalq artistinə LAQEYD münasibət - ÖZƏL

“Heç bir yerdə çalışmıram. Hələ ki, evlə məşğulam. Heç bir təklif yoxdur. Elə belə də gedir. Bunu mən həll etmirəm ki. Hara məsləhət görsələr ora da gedəcəm. Rektoru olduğum Milli Konservatoriyadan tələbələr zəng edirlər, çox böyük sevgi və hörmətlə danışırlar. Sağ olsunlar, məni unutmayıblar”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, professor Siyavuş Kərimi deyib.

O daha sonra bəstəkar kimi yaradıcılığını davam etdirdiyini bildirib:

“Yaradıcılıq dayanmır, bu iş gedir. Qarşıdan Milli Musiqi Günü də gəlir. Düzdür, bununla bağlı da mənə heç bir dəvət gəlməyib. Üzeyir bəyin 140 illiyini böyük ehtimal evdə bayram kimi qeyd edəcəm (gülür)” deyə sənətkar bildirib.

Xatırladaq ki, ötən il noyabrın 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib, Kamilə Hüseyn qızı Dadaş-zadə bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Siyavuş Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir. Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər