“ “Nəsimi” filmindən Rəşid Behbudova görə imtina etdim, icazə vermədi çəkilim”- FOTO+ÖZƏL
Mədəniyyət
387
16:27, Bu gün

“ “Nəsimi” filmindən Rəşid Behbudova görə imtina etdim, icazə vermədi çəkilim”- FOTO+ÖZƏL

“Rəşid Behbudov dahi, əvəzolunmaz sənətkar idi. Onun səsindən heç vaxt olmayıb və olmaycaq da. Uşaqlıqdan onun səsinin vurğunu idim. Ağlıma da gəlməzdi ki, mən onun rəhbərlik etdiyi teatrda işləyəcəm, onunla bir səhnəni paylaşacam. Rəşid Behbudov o vaxt Sumqayıta gəlmişdi, gedib tamaşa edirdik. Bizim üçün hər zaman əlçatmaz sənətkar olub. 1972-ci ildə Rəşid Behbudovla tanış olanda 10-cu sinifdə oxuyurdum. Rəşid Behbudov mənə baxıb dedi ki, "qızım, sənin bəxtin onda gətirib ki, səhnəyə çox yaraşırsan". Bu sözdən sonra səsimi dinlədi və məni işə qəbul etdi. Çox xoşbəxt idim. İki ay sonra Rəşid müəllimlə xarici ölkələrə qastrol səfərlərimiz oldu. Bəxtim onda gətirmişdi ki, Rəşid müəllim kimi sənətkarın diqqətini çəkmişdim”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib:

"Rəşid Behbudova görə "Nəsimi" filminə çəkilməkdən imtina etdim. Mənə Şəms roluna dəvət gəlmişdi. Gəldilər onun yanına ki, mənim üçün icazə alsınlar. Dedi ki, "qızım, ya müğənni ol, ya da kinoya çəkil". Qarşımda seçim qoydu. Sonra Rəşid müəllim haqda film çəkirdilər. O müvəqqəti olaraq bizə azadlıq vermişdi. O ərəfədə “Baladadaşın ilk məhəbbəti” filminə çəkildim. Xalq artisti Xumar Zülfüqarova bizim baletmeystrimiz idi. Rəşid müəllim bizi müvəqqəti azad edəndə o məni Filarmoniyaya, Mahnı və Rəqs Ansamblına rəqqasə kimi dəvət etdi. Mən uşaqlıqdan rəqsə də getmişəm axı. Filarmoniyaya məni rəqqasə kimi götürdülər. Hərəkətlər mənim üçün çətin idi. Sonra orada müğənnilik fəaliyyəti ilə məşğul oldum. Hətta afişa üçün milli geyimdə mənim şəkillərimi çəkmişdilər. Sonra ailə həyatı qurdum, bir qızım oldu. Daha teatrda işləmədim. Rəşid müəllimlə görüşə də qızım Lalə ilə birgə getmişdim. Çox təəssüfləndi. O boyda dahi sənətkar qapıya qədər gəlib məni yola saldı. Rəşid Behbudovla işləyəndə böyük məsuliyyət daşıyırdım. Çünki o özü də tələbkar müəllim idi. Mən fəxr edirəm ki, onun məktəbini keçmişəm. Hələ də o illərlə yaşayıram. Rəşid Behbudovun səsini eşidəndə çox kövrəlirəm. İndi hərə özünə bir ləqəb qoyur. Əsl qızılsəs Rəşid Behbudovdur. Əlçatmaz Rəşid Behbudov" deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər