Bizi sosial şəbəkələrdən izləyin:
“Dublyajımız əvvəlki qüdrətini itirib. Adicə pişik səsini də düzgün yaza, səsləndirə bilmirlər. Bu səsi o vaxt mən çıxarırdım. İndi çizgi filmlərinin dublyajına məni demək olar ki, çağırmırlar. Əvvəl tez-tez çağırırdılar. Səsində qüsur olan da, olmayan da dublyaj edir. Peşəkarlar azalır. Əfsanəvi fransız aktyoru Lui Definesin səsini mən dublyaj etmişəm. Avtobusda belə gedəndə səsimdən tanıyırlar ki, kiməm. Dublyaj belə olmalıdır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib. O daha sonra əlavə edib:
“İndi səsləndirmədir, dublyaj yoxdur. O vaxt “Azərbaycanfilm” kinostudiyasında dublyaj var idi. Bu ayrıca şöbə idi. Hər obraza aktyor ayrılırdı və onlara yüksək qonorar verilirdi. Gənclərlə fikir mübadiləsi edirik. Bəziləri heç tənqidləri qəbul etmirlər. Küsürlər, inciyirlər. Çünki hər efirdə eyni səslərdir. Rövşən Məmmədli, İbrahim Qurbanov kimi peşəkarlar bu sahəni yaşadır. Onlar da olmasa bilmirəm necə olacaq bu sahənin aqibəti? Onlar yenə də ayda-ildə bir dəfə yada salırlar. Təki istedadlı cavanlar bu sahəyə gəlsin” deyə sənətkar bildirib.
Allahverdi Yolçuyev bildirib ki, uşaqların aqibəti onu narahat edir:
“Uşaqlar üçün filmlər, verilişlər, çizgi filmləri də çəkilmir. “Ovçu Pirim”-i indi də müasir dövrə uyğun yaratmaq olar. O qədər ideyalar var ki.. Amma baxıb görürəm ki, yaradıcı insanlarda həvəs, maraq qalmayıb. Görünür bu günki uşaqlara “Ovçu Pirim” lazım deyil. Bu obraz uşaqlarda sevmədikləri heyvanlara qarşı belə sevgi aşılayırdı. Təbiəti onlara sevdirirdi. İndi uşaqların izlədiyi çizgi filmlərinin əksəriyyətində şiddət təbliğ olunur” deyə Allahverdi Yolçuyev bildirib.