Mingəçevir Dövlət Dram Teatrında məhkəmə qələbəsi-direktor ona görə teatrdan ayrılır? - AÇIQLAMA
4097
22 Apr 2025 | 23:31

Mingəçevir Dövlət Dram Teatrında məhkəmə qələbəsi-direktor ona görə teatrdan ayrılır? - AÇIQLAMA

Yayılan məlumatlara görə Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan öz ərizəsi ilə tutduğu vəzifədən ayrılması ilə bağlı nazirliyə müraciət edib.
 
Xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün əməkdar artistin özü ilə əlaqə saxladıq.
 
Saytımıza açıqlamasında o yayılan xəbərləri təkzib etdi:
 
“Bu yalan məlumatdır. Mənim olduğum teatrda heç vaxt münaqişə ola bilməz. Nə vaxt mən ərizə yazıb işdən ayrılacamsa, bu o demək deyil ki, hansısa münaqişəyə görə işdən çıxacam. Teatrda yaradıcılıq tam sürəti ilə davam edir. Ağdam Dram Teatrı ilə qarşılıqlı razılaşma imzalamışıq. Bir-birindən gözəl və maraqlı işlərimiz qarşıdadır” deyə o bildirib.
 
İntiqam Soltan iddia edib ki, qalmaqal yaşadığı teatrın keçmiş işçisi ona məhkəmədə haqsız yerə qalib gəlib:
 
“Bu münaqişə deyilən məsələyə bir neçə cümlə ilə aydınlıq gətirmək istəyirəm. Mingəçevir Dövlət Dram Teatrına qarşı Mingəçevir şəhər məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin çox böyük haqsızlığı olub. Bununla bağlı mən lazımı yerlərə müraciət edib, məhkəməni haqq yoluna dəvət edəcəm. Onlar öz hüquqlarını bilmədikləri üçün bizim haqqımızı tapdalayıb keçirlər. Məhkəmənin yaradıcı işə qarışmağa qətiyyən ixtiyarı yoxdur. Mən öz haqqımı bildiyim qədər teatrın hüququnu da, haqqını da qorumağı bacaran insanam. Teatrın bir əməkdaşını işdən azad etmişəm və məhkəmə də mənim qərarımı yalnış hesab edib. Mən bu qərarla qətiyyən razılaşmıram və həmin şəxsin yenidən teatra qayıtmasının qəti əleyhinəyəm” deyə direktor bildirib.
 
İntiqam Soltan tam açıqlamasa da haqqında danışdığı şəxsin Elçin Məhərrəm olduğunu öyrəndik. Yazıçı-dramaturq Elçin Məhərrəm bir müddət əvvəl Mingəçevir Dövlət Dram Teatrında Ədəbi hissə müdiri kimi çalışıb.
 
Moderator.az-a verdiyi açıqlamada Elçin Məhərrəm teatrın direktoru İntiqam Soltanla aralarında yaranan şəxsi mübahisə zəmində qərəzli olaraq işdən uzaqlaşdırıldığını bildirib:
 
“Mən öz hüquqlarımı müdafiə etmək üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdim. 11.12.2024-cü il tarixində keçirilən məhkəmə prosesinin yekunu olaraq qalib gəldim. Qarşı tərəfin apellyasiya şikayəti əsasında işə Şəki Apellyasiya Məhkəməsində baxıldı. 15.04.2025- ci il tarixində Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə bir daha qalib oldum. Hər iki məhkəmədə mənə vəkilliyi peşəkar vəkil Ruhiyyə Kərimli edib. Bu müddət ərzində çoxlu əngəllərlə, təzyiqlərlə qarşıladım. Məhkəmədə üzümə işçiləri belə durdular. İntiqam Soltan öz vəzifəsindən sui-istifadə istifadə edərək, işçilərin bir tikə çörəyə möhtac olduğunu da yaxşı bilərək, əleyhimə imza topladı. Hətta, bəzi imzalar saxta idi. Onun göstərişi ilə qol çəkməyənlərin, işdə olmayanların yerlərinə də qollar çəkildi. Nəticədə ədalət öz yerini tapdı. Teatrın əksər işçiləri sonra mənə özləri yazıb, zəng vurub,  etiraf etdilər ki, bəs məhkəməyə də zorla gətiriliblər, imzalardan da xəbərləri yoxdur. Hələ elə şeylər var ki,( oxucuları nəzərə alaraq, onlar iyrənməsin deyə) mən açıqlamıram. Onu da deyim ki, İntiqam Soltan mənə qarşı "oyun" qurduğunu özü də etiraf edib. Sonda verdikləri obyektiv qərara görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadəyə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına başda hakim Elçin Mehdiyev olmaqla bir daha təşəkkür edirəm” deyə yazıç-dramaturq bildirib.
Link kopyalandı!
Son xəbərlər