“Sənətkarın sənəti heç vaxt ölmür ki. Şəraitsizlik olur, ilham pəriləri bəzən istədikləri kimi qanad açıb uça bilmir. Bütün bunlar da şəraitsizlikdən asılıdır. Bir sənətkar üçün şərait yaradılıb, ona diqqət ayrılırsa son nəfəslərinə qədər çalışa bilərlər. Sənətkar çalışmayanda paslanır. Amma çalışdıqca onun istedadı daha da artır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar, əməkdar artist Gövhər Həsənzadə deyib.
O daha sonra yeni yetişdirdiyi gənclərdən də danışıb:
“Əlindən tutub apardıqlarım mütləq gəlib tamaşaçının zövqünə uyğun layiqli yerdə bərqərar olurlar. Bir də var ki, mahnını verdim, əlimi çəkdim. Belə olan halda o prosses pərakəndə gedir. 15 ildir ki, mən bununla məşğul deyildim. Düşünürdüm ki, mən etmişəm də. Çox adamlar dedilər ki, biz də edərik. Bunu etməyə nə var ki? Mən də fikirləşdim ki, hamının haqqı var da nəsə yazıb-yaratmağa. Həm tənqidlər, həm iradlar, həm də tələblər çox oldu. Dedilər ki, ay Gövhər, sən etmirsən alınmır, olmur. Çox istedadlı oğlan və qızlarımız var. İmkanımız daxilində əl-ələ verib bir yerlərə çıxmaq istəyirik. Düşünürəm alınar, tamaşaçılara layiqli ifaçılar olarlar. Ən azı 15-20 il aktuallıqlarını saxlayarlar. Mən 1 ildən çoxdur başlamışam dəstəklərimə. Görürəm ki, çox böyük həvəs də var ifaçılarda. Mən hazırladım, televiziyalar görüb dəvət edərlərsə nə xoş mənə” deyə bəstəkar bildirib.
Bəstəkar əməkdar artist Elton Hüseynəliyevdən küsmədiyini bildirib:
“Xeyr, küsmək nədir? Mən Eltondan niyə küsüb gedirəm ki? Münasibətlərimiz əladır. Elton həmişə mənə “səhnədəki mamam” deyə müraciət edir. Ona ərkim var. Eltonun sonuncu konsertində aləm dəymişdi bir-birinə. Biz sadəcə proqramla finalı qurmaq istəyirdik. Bu yaxınlarda bir çəkilişdə mənə dedilər ki, Gövhər xanım siz o qədər mülayim, filan.. Dedim nə? Mülayim? Aparıcı dedi ki, yox, iş prossesində demirik də. O heç. İş prossesində mülayimlik falan yoxdur, çox sərtəm. İşdə keyfiyyətə görə söz-söhbət ola bilər. Bunların hamısı səhnəarxası işlərdir. Elton gözəl sənətkarımızdır. Çox istedadlıdır. 15 yaşından o səhnələrdədir. Ümummilli liderimiz Heydər Əliyevin qarşısına çıxıb oxuyan, sonra səhnəyə gələn müğənnimizdir. Ona ümidlərim də çoxdur. Gözəl, böyük ürək sahibidir. Sadəcə olaraq 1-2 mahnımız var idi ki, onu ərsəyə gətirib başa çatdıra bilmədik. Ondan danışın ki, konsertdə niyə Gövhər Həsənzadənin mahnısı yox idi? Mən özüm proqramdan çıxartdım. Proqram uzun gedirdi, çalışdım ki, korifeylərin mahnıları ifa olunsun. Allah qismət etsə növbəti konsertdə hazırlayıb araya-ərsəyə gətirdiyimiz mahnılarımız da səslənər” deyə bəstəkar bildirib.