Dərdin içindən doğulan könül çırpıntıları
Mədəniyyət
284
12:09, Bu gün

Dərdin içindən doğulan könül çırpıntıları

Namiq Dəlidağlının yaradıcılığı haqqında düşüncələr

Uşaqlığı, gəncliyi müharibə dövrünə düşən, həmin qaynar odun içərisində boya-başa çatan uşaqlar çox tez böyüyürlər. Onların  ömrü neçə  on illər artıq yaşamış, həyat təcrübəsinə yiyələnmiş insanın ömrünə bərabər olur. Daha tez yetkinləşir, müdrikləşir, bərkiyir, başqa cür desək, kişiləşirlər. Haqqında bəhs etmək istədiyim Namiq Dəlidağlı da həmin od-alovun içərisindən çıxmış, ömrünün otuz ilindən çoxunu doğulduğu el-obasından ayrı düşmüş, lakin əyilməmiş, sınmamış, vüqarını və mərdliyini qorumuş, qəlbinin hərarətini sevdiyi xalqına verməyə qadir olan istedadlı qələm sahiblərindən biri kimi yetişmişdir. Müasir şairlər sırasında N. Dəlidağlı sözə həssas və sayğılı münasibəti, az sözlə dərin mənalar ifadə etməyi bacarması ilə sevilən şairlərdən biridir. Yaradıcılığının ümumi mənzərəsinə nəzər salsaq, bu fikirlərimizdə nə qədər haqlı olduğumuz aydın görünər.

Poeziya  çələngi insan ömrünün yaşanmış səhifələrindən hörülür. Onun rəngarəngliyi həyatın keşməkeşlərindən yaranır: sevinci də, kədəri də, sevgisi də, nifrəti də, mərhəməti və qəzəbi də bu çələngin cəlbedici gözəlliyinə diqqətimizi cəlb edir. Şairin qələmindən çıxan misralar ovqatımızı və könlümüza oxşayır, bizi öz sehrinə salır. Gözəl şeirdə biz özümüzü görürük, sevgimizi, kədərimizi bizimlə bölüşən şairin hisslərinə qatırıq. Bizə elə gəlir ki, şair öncə duyğu və düşüncələrimizə bələd olub, hisslərimizi oxuyub, yaşantılarımızdan xəbər tutub, sonra bunları möcüzəli sözün köməyi ilə  özümüzə göndərib:

Qapınız döyüldü bir axşamçağı,
Sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
Təzə libasında köhnə ayrılıq.

Daha toy  havası başında sənin,
Yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
Aşıqlar “Vağzalı” çalana qədər...

...Məni nə havada buraxıb getdin,
Xar oldum obada, millət içində,
Mənim ciyərlərim alışıb yandı
Sənin elçilərin şərbət içəndə.

Daha xatirən də mənə uzaqdı,
Gəlir qulağıma bir soraq kimi,
Gördüm bu döyüşdə məğlub olmuşam,
Əlimi qaldırdım ağ bayraq kimi...

Şeirin dilinin axıcı lirizmi, lirik qəhrəmanın yaşantılarının sadə məcazlarla  yüksək poetik təsviri qalan şeirlərinə müraciət etmədən Namiq Dəlidağlının yaradıcılıq istedadını qabarıq ifadə edir. “Axtarıram”, “Uzaqlardasan” və s. şeirlərdə həmin duyğular məharətlə ifadəsini tapmışdır.

Poeziyasevərlərə yaxşı məlumdur ki, sevgi hisslərinin təsviri ədəbiyyatın əbədi mövzularındandır. Əsrlərdən bəri bu hissin bədii sözlə ən yüksək və adi təsviri yumruq boyda insan qəlbinin bütün duyğularını tamamilə açmağı bacarmamışdır desək, yanılmarıq. Namiq Dəlidağlının yaradıcılığında bu mövzuya həsr edilmiş çox təsirli poetik nümunələr orijinallığı, deyim tərzinin özünəməxsusluğu ilə seçilir:

Bu dərd elə dil açıb,
Hicran çətin susacaq,
Xəyalım qapı-qapı
Hənirtini pusacaq.

İndi görən hardasan?
De yerini, gəlmirəm,
Sənə məktub  yazmışam,
Ünvanını bilmirəm...

Həzinlik, lirik musiqi ovqatı bu şeirlərin canına hopdurulub. Oxuduqca hisslərin təbiiliyi və müəllifin səmimiyyəti oxucusunu öz sehrinə salıb arxasınca həmin kövrək notlara aparır.  “Mənə şəkil  göndərdin” şeiri bu baxımdan  xarakterikdir:

Mənə şəkil göndərdin…
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
… Mənə şəkil göndərdin,
nə rəngli şəkildi…
Bomboz ağrılarıma
duz basar, “məlhəm” olar…
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar…
Mənə şəkil göndərdin….

Poeziyada bir dərd anlayışı var. Bu ifadə klassik ədəbiyyatımızdan üzübəri, demək olar ki, bütün şairlərin yaradıcılığında özünü göstərmiş, böyük şairlər yaşadıqları ictimai kədəri incələmədən onu dərd adı ilə ümumiləşdirmişlər. Dahi M.Füzuli:
Ucaldın qəbrimi, ey bidərdlər, səngi məlamətdən,
Ki, məlum ola qəbrim dərd əhlinə ol əlamətdən,- deyərkən kamilliyə doğru lirik qəhrəmanın tutduğu fəlsəfi yolu göstərir.
Yaxud:
O dərdlər ki mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar,-deməklə yaşantılarının hüdudsuz ağırlığını qələmə alır...

Ümumiyyətlə, şairin düşüncələri, lirik qəhrəmanın arzu və istəkləri ilə ictimai həyatdakı kataklizmlərin yaratdığı uçurumlar bədii yaradıcılıqda dərin kədər, ümumi dərd kimi qarşıya çıxır. Böyük ədibimiz Cəlil Məmmədquluzədənin təbirincə desək, “anlamaq dərdi” yaranır. Bu ifadə özünü dərk etmiş insanların sıxıntı və  ehtiyacını, mənəvi mənliyindəki boşluğu və çatışmazlığı tam halda doğru-düzgün ifadə edir. Necə deyərlər,  ”Yaman olur “anlmaq dərdi” (Xalq şairi Rəsul Rza). Şairin dünyaya sığışmaması( Nəsimi) fəlsəfi düşüncələri böyük ictimai kədər kimi ortaya çıxır. Həmin dərd Namiq Dəlidağlı yaradıcılığında şairin Tanrı ilə söhbəti şəklində ortaya çıxır:

...Bir yer göstər, çıxım gedim,
Yaşaya bilmirəm Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.

...Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.

Namiq Dəlidağlının yaradıcılığında Qarabağa, Kəlbəcərə həsr edilmiş şeirlərdə də kədərin obrazlı təsir gücü çox qabarıqdır. Şair doğma el-obası ilə erməni təcavüzü nəticəsində dogulduğu torpaqlardan 30 ilə yaxşn müddətdə uzaq düşməyə məcbur edilmiş, ağır köçkünlük həyatı yaşamşdır. Hər gününün ağırlığı sözün təsvirinə sığışmayan həmin illərin izləri, təbii ki, onun  yaradıcılığından qırmızı xətt kimi keçir. Bu şeirlərdə güclü kədərlə, itkilərindən doğan göynərtilərlə yanaşı, yaranmış vəziyyətlə barışmazlıq, yurda dərin sevgi onun azad ediləcəyinə sarsılmaz inam, qələbəmizə əminlik hissləri qabarıq ifadə olunmuşdur. Həmin şeirləri birləşdirən də bu xüsusiyyətlərdir. Lakin N. Dəlidağlı öz büyük kədərini, yurd itkisi sarsıntılarını  qələmə alarkən oxucuları dərdi ilə yükləmir, əksinə bu dərdə, qəmə nikbin notlar qatıb daha gözəl gələcəyə inamını  ifadə edir. Uşaqlığını, gəncliyin ilk çağlarını yaşadığı el-obanın itkisi, xarabazarlığa çevrilmiş ev-eşiyi, viran qoyulmuş bağça-bağı gözlərini doldurub ürəyini ağrıtsa da, bu yurdların abadlaşdırılacağına olan sonsuz inam onu bir an da tərk etmir. Doğulub boya-başa çatdığı, isti ocağında xoşbəxt illərini yaşadığı  evin ermənilər tərəfindən yandırılaraq xarabazarlığa çevrilməsindən doğan ağrıları şair elegik  tərzdə, dərin hüznlə belə bölüşür:

Ha alışam, yanam, gəlməz,
Ta bu gölə sonam gəlməz,
Atam gəlməz, anam gəlməz,
Daha xarabadı bu ev.

Köz qaralıb ocağında,
Sükut var hər bucağında,
Qonaq etməz qucağında
Nə dostu, nə yadı bu ev.

Yazının başlığında Namiq Dəlidağlını “kədərin içindən doğulan şair” kimi səciyyələndirmişdim. Ancaq məlumdur ki, dərd insanı daha da kamilləşdirir, onun qəlblərə verdiyi sevgi daha böyük və əzəmətli olur. Namiqin lirik qəhrəmanını sıxan dərdlər onu daxilən əzsə də, pessimizmə aparmır, içindəki dərdi böyüyən lirik qəhrəman bundan filosof və qəhrəman kimi kamilliklə çıxır.

Vətəni işğal altında olan insanların dözülməz ağrıları, kədəri də şairin toxunduğu həmin ictimai dərdlərdəndir. Şeirlərdə əksini tapan vətəndaş kədərinin güclü olmasının bir səbəbi müəllifin taleyindən keçən həmin ağrıları bilavasitə özünün və yaxınlarının yaşamasına şahidliyidir.

Şair əyilməzlik rəmzi Dəlidağa həm  ana, həm sirdaş kimi yanaşır, onu şəxsləndirir, daha sərt olmağa səsləyir. Belə şeirlərdə Dəlidağ coğrafi məkan olmaqdan əvvəl poetik obrazdır.Bu dağ haqqında folklorumuzda, xalq arasında müxtəlif əfsanələr, rəvayətlər...dolaşmaqdadır. Zirvəsindən qarı əskik olmayan, “qar üstə qar yağan”, başı dumanlı, zümrüd çəmənli, çoşqun bulaqlı, ümman kimi geniş yaylaqlı, yurdumuzun binəli-bünövrəli əzəmət mənbəyi olan Dəlidağ, doğma Kəlbəcər Namiqin yaradıcılığınd qarşımıza başqa keyfiyyətdə təqdim olunur. Yağıların qarşısında əyilməzlik rəmzinə çevrilən yurd obraz səviyyəsinə qaldırılır. Nəhayət, Ordumuzun, Ali Baş Komandanımızın sayəsində bu inam gerçəkləşir:

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dürr daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı - sevinəcək,
qalmayacaq ağrısı - azarı, sevinəcək.
...Uluların torpağı - məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

N. Dəlidağlı poeziyası ilə tanış olduqca onun ədəbi-bədii düşüncədə tutduğu yeri, mövqeyi müəyyənləşdirmək mümkündür. Onun şeirləri mövzu və problematika baxımından müasirlik gücü ilə seçilir. Bu xüsusiyyət şerə, sənətə oxucü münasibətinin dəyişdiyi hazırkı dövrdə yazılmış  şeirlərin əksəriyyəti böyük oxucu auditoriyası qazanır.

Bu yaxınlarda ədəbi ictimaiyyətimiz Namiq Dəlidağlı haqqında yeni bir xoş xəbər aldı: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şair Namiq Dəlidağlının "Sevgi sükutu" adlı növbəti şeirlər kitabı Özbəkistanda nəşr edilib”. (“Xalq qəzeti”, 14.12. 2024-cü il)

Özbəkistan Respublikasının “İste'dod Ziya Press” nəşriyyatında "Sevgi sükutu" kitabı filologiya üzrə fəlsəfə doktoru Nargizaxon Ortiqova və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Muqimjon Nurboyevin giriş sözü və redaktorluğu ilə 500 nüsxə tirajla çap edilmişdir. Şeirləri özbək türkcəsinə Özbəkistan Yazıçılar Birliyinin üzvü Xusniddin Xaitov çevirmişdir.

Bu vaxta qədər beş publisistik toplunun müəllifi, həmmüəllifi olan N. Dəlidağlının  “Sevgi sükutu" kitabı müəllifin ölkədən kənarda isə nəşr edilən ilk şeirlər kitabıdır.
Hazırda Namiq Dəlidağlı yaradıcılığının ən coşqun dövrünü yaşayır. Müəllifə can sağlığı, taradıcılıq uğurları diləyir, yeni, daha gözəl və mükəmməl şeirlərini gözləyirik.

Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim

​​​​​​​

 

Link kopyalandı!
Son xəbərlər