Bizi sosial şəbəkələrdən izləyin:
“Ötən il televiziyada müsahibə verəndə bildirmişdim ki, atamın şəkilini AZDRAMA-da görmədim. Hansı ki, orada sənətkarların şəkillərini asıblar, orada yox idi. Halbuki əvvəl atamın şəkili divarda olub. Bu sözü deyəndə mən 2-3 il olardı ki, teatra getmirdim. Sonra teatrdan mənə zəng etdilər ki, artıq şəkil asılıb yaxud da yerində olub. Mən də onlara bildirmişdim ki, gördüyümü demişəm. Bir neçə ildir ki, teatra getmirəm. Teatra gedəndə divara diqqətlə baxmaq lazımdır ki, görəsən şəkil həqiqətənmi oradadır? Sənətkarları unutmaq olmaz. Onlar unudulanda ölürlər, can verirlər. Atamın Akademik Milli Dram Teatrının inkişafında böyük rolu olub”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.
O daha sonra yaşadığı Sulutəpə qəsəbəsindəki küçənin atasının adına olub-olmadığını bilmək istəyir:
“Sulutəpədə bir küçəyə Ələsgər Məmmədoğlu adını veriblər. Amma dəqiq bilmirik bu küçə atamın adı ilə bağlıdır yoxsa başqa bir insanın adı ilə? Çünki atamın sənəddə adı Ələsgər yox Əsgər olub. “Bəyin oğurlanması” filmindən sonra hamı ona Ələsgər deməyə başlayıb. Bilmirik ki, bunu hansı qurumdan öyrənək? Biz özümüz də hazırda Sulutəpə qəsəbəsində yaşayırıq” deyə sənətkarın oğlu deyib.
Sözügedən küçənin sənətkarın adına olub-olmamasını dəqiqləşdirmək üçün Xocəsən bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, telefon zənglərinə cavab verən olmadı. Mövzunu davam etdirəcəyik.