Bizi sosial şəbəkələrdən izləyin:
“Bu gün Zərnigar xanımın anım günüdür. Allah ona rəhmət etsin. Çox gözəl, istedadlı aktrisa idi. Onun hələ teatr tamaşalarına o vaxt baxmışdım. “Sevil” əsərində Dilbər rolunu möhtəşəm oynayırdı. “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”, “Ötən ilin son gecəsi” və s. televiziya tamaşalarında rəngarəng rollar yaradıb. İstedadının hüdudu yox idi. 7 noyabr onun ad günü idi. Heç vaxt bu tarixi unutmuram. Hər zaman da onu təbrik etmişəm. Bu gün də xatırlayıram”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. O daha sonra əlavə edib:
“Biz teatrdan bir ildə, bir gündə ayrıldıq. O da, mən də incimişdik. Çox qəribə bir hadisə oldu. Mən onunla tərəf müqabili də olmuşam. Çox təəssüf edirəm ki, o tamaşalar lentə alınmayıb. Çox təəssüf! “Dişi canavar” tamaşasını biz Rus Dram Teatrında təhvil verdik. Çünki bizim teatrımız təmirə bağlanmışdı. 3-4 dəfə oynadıq. Zərnigar xanımın bir qəribə xasiyyəti var idi. Nəsə elə bil evindən küsmüşdü. Tamaşanı təhvil verəndən sonra gördüm ki, hamı gedir.. O getmədi. Soruşdum ki, niyə getmirsiz? Dedi ki, mən burada qalacam. Mən onu orada qoymadım, min bir dillə evimə gətirdim. Gecə bizdə qaldı. Demək olar ki, səhərə qədər biz dərdləşdik. Xəstə idi elə bil. Dərdləşməyə adam axtarırdı. Bəlkə də elə ona görə o mənimlə gəldi. Zərnigar xanım sözünü deyən aktrisa idi. Mən onun xarakterinin vurğunu idim. Teatrda da çox böyük hörməti var idi, hamı onun xətrini çox istəyirdi” deyə aktrisa bildirib.
Kübra Əliyeva deyir ki, Zərnigar Ağakişiyeva dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalıb:
“Bir gün dedilər ki, Zərnigar xanım çox pis vəziyyətdədir. Səhv etmirəmsə beyin qanaması keçirmişdi. Bizim aktrisamız Məleykə xanım Əsədova onu ölümdən qurtardı. O dəqiqə onu gətirdi xəstəxanaya. Mən də yanına getmişdim. O vaxt həyata yenidən qayıtdı. Xatirimdə həmişə zabitəli, möhkəm xarakterli, istedadlı bir aktrisa kimi qalıb. Bu dünyada o ancaq teatr üçün yaşadı. Belə aktrisalarımız çox azdır. Ona sənət fədaisi deyirlər. Ailə qurmadı. Qurdusa da bilmirəm. Mən bu sualı ona vermədim. Amma onunla ailə həyatı qurmaq istəyənlər də var idi. O özü istəmədi.. Öz ömrünü teatra, səhnəyə həsr etdi. Allah ona rəhmət etsin. Həyatdan da tək köçdü.. Yanında heç kim olmadı. Bəlkə bir sözü var idi. Bəlkə nəsə deyəcəkdi? Çox təəssüf ki, o həyatdan tək getdi” deyə Kübra Əliyeva bildirib.