Ekskluziv
417
09:50, Bu gün

"İstəmirəm tamaşaçı ilə üz-üz gələndə mənə dodaq büzsün ki, bu nədir çəkilmisən?” - FOTO+ÖZƏL

 
“İnsanın arzuları ildən-ilə daha da artır. Bu gün arzularım yerinə yetib. Ona görə ki, mən səhnədəyəm. Öz işimin başındayam, sənətimdəyəm. Çalışıram ki, özümü qoruyum, növbəti tamaşalara hazırlıq görüm”
 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Rafiq Əzimov deyib. O daha sonra əlavə edib:
 
“Pandemiya ərəfəsində biz Teatr Xadimləri İttifaqında “Stullar” adlı bir tamaşa hazırlamışdıq. Bu səhnə əsəri çox böyük müvəffəqiyyətlə qarşılandı. Rəhmətlik Məhərrəm Bədirzadə bunu gəlib çəkdi, iki dəfə efirdə göstərdi. Sonra Rumıniyanın səfiri həyat yoldaşı ilə gəlib baxdı və çox xoşuna gəldi. O dedi ki, Ejen İoneskonun hər il başqa-başqa ölkələrdə festivalları keçirilir və bu tamaşanı mütləq göstərmək lazımdır. Aprelin 4-ü idi. Tamaşanın afişası falan hamısı hazır idi. Pandemiya başladı, 4-ü tarixini 7-nə keçirdik. Dedik ki, 3-4 günə bitəcək bu. Sən demə pandemiya uzun çəkdi. Ona görə də biz bu tamaşanı göstərə bilmədik. Bu gün məşq edirik. Belə qərara gəlmişik ki, teatr günündə biz bu tamaşanı nümayiş etdirək. Çalışırıq ki, məşqlərimizə ciddi yanaşaq. Bir az xəstələnmişəm, nasazam deyə məşqlərə gedə bilmirəm. Fevralın 8-də “Qarabağnamə”, 26-fevralda “Xurşidbanu Natəvan”, sonra “Ölülər” tamaşası nümayiş olunacaq. Bu tamaşalar ayda 2-3 dəfə göstərilir. Çalışıram ki, xəstələnməyim, bütün tamaşalara hazırlıqlı olum” deyə sənətkar bildirib.
 
Xalq artisti bildirib ki, film və seriallarda da çəkilmək istəyir:
 
“Seriallara bəzən məni dəvət edirlər, ssenarini oxuyuram. Çox vaxt ürəyimə yatmır. Mən də yaradıcılığıma ciddi yanaşıram. İstəmirəm ki, indiyə qədər çəkildiyim filmlərdən əskik olsun. Açığını deyim ki, mən hər bir işi pula bağlamıram. Təki maraqlı olsun. Sabah tamaşaçı ilə üz-üz gələndə mənə dodaq büzməsinlər ki, bu nədir çəkilmisən? Yaxşı bir əsər, ssenari olsa böyük məmnuniyyətlə çəkilərəm” deyə xalq artisti bildirib.
 
Link kopyalandı!
Son xəbərlər