“Şövkət xanım Ermənistanın xalq artisti adından imtina edib birinci katibə demişdi ki, get onu...”-ÖZƏL
Mədəniyyət
327
09:43, Bu gün

“Şövkət xanım Ermənistanın xalq artisti adından imtina edib birinci katibə demişdi ki, get onu...”-ÖZƏL

Xalq artisti Şövkət Ələkbərovanın “Yar gəldi yar” mahnısı yutub səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb. Məlum olub ki, sözügedən mahnı 2016-cı il 4 sentyabr tarixində yutubda “Behrooz Abshar” adlandırılan səhifədə yerləşdirilib. Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin video yutub səhifəsindən silinib. Rəsmi məlumata görə bununla da Şövkət Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib. Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova bildirib ki, ermənilər Şövkət xanımın ifalarını hər zaman bəyənib:
 
“Ermənilər həmişə Şövkət xanımın ifalarını bəyənib, dinləyiblər. Sovet vaxtında bilirsiniz ki, dekadalar keçirilirdi. Bütün xalqların nümayəndələri bir yerdə olurdular. Hələ o vaxt Ermənistanın birinci katibi Şövkət xanıma demişdi ki, bizim xalqımız sizi çox sevir, çox bəyənir. Hətta Şövkət xanıma Ermənistanın xalq artisti fəxri adını da vermək istəyirdilər. Şövkət xanım bu addan imtina edib demişdi ki, çox sağ olun, mən artıq Azərbaycanın xalq artistiyəm, siz bu fəxri adı öz ifaçılarınıza verin. Hətta onu konsert vermək üçün ora dəvət də etmişdilər. Şövkət xanıma sual verdim ki, niyə belə etmisiz? Bunun səbəbi nə idi? O mənə dedi ki, qızım, mən onların xalq artisti olsaydım gərək bütün konsertlərində, dövlət tədbirlərində onların mahnılarını ifa etməli idim” deyə sənətkarın gəlini bildirib.
Gülnarə Səfərova bildirib ki, bu ermənilərin Şövkət xanımın mahnılarını ilk dəfə oğurlamağa cəhd etməkləri deyil:
 
“Bu birinci dəfə deyil ki, “qonşular”-ımız bizim xalq, bəstəkar mahnılarımızı oğurlayıb ifa edirlər. Hətta yutub kanallarında paylaşıb adını qoyurlar ki, bu qədim erməni mahnısıdır. Biz sakit oturmamalıyıq. Bu saxtalıqları aşkar etməliyik. Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyinə müraciət etməliyik ki, onlar da öz işlərinin öhdəsindən layiqincə gəlsinlər. Məhz onların etirazı nəticəsində bu mahnı yutub platformasından silinib. Həm də bu sahədə maariflənmə daha yüksək olmalıdır” deyə sənətkarın gəlini bildirib.
Link kopyalandı!
Son xəbərlər