Bir sıra ifaçı Moderator.az-a müraciət edərək Mədəniyyət Nazirliyindəki əməkdaşların ölkə xaricindəki beynəlxalq konsert və layihələrdə iştirakı üçün pul tələb edildiyini, eyni zamanda yalnız öz dostları ilə çalışdıqlarını bildirmişdilər.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, müraciətlər əsassızdır.
"Qeyd olunan iddialar həqiqətə uyğun deyil. Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz”.