Deyir ki,- “İstəyirdim ki, müstəqil adam olum, cibimdə pulum olsun. Yekə oğlan idim, 17-18 yaşım var idi. Fəhlə işlədiyimə görə sənədlərimi axşam şöbəsinə verdim – mədəni-maarif fakültəsinə daxil oldum. Başladım oxumağa, sonra məlum oldu ki, daha doğrusu, institutdan dedilər ki, sən öz sahən üzrə çalışmalısan, gərək sənətinə uyğun ixtisas seçəsən. Belə olan halda, anam məni telestudiyaya - AzTV-yə gətirdi. 1966-cı il idi. Məni orada rejissor köməkçisi götürdülər. Fikrət Qaradağlı o vaxt bizim baş rejissorumuz idi. Anam da televiziyaya dəvət olunan aktrisalardan idi və ona çox böyük sayğı, hörmət vardı, beləliklə, onun bir sözünü iki etmədilər, məni işə götürdülər. Mən üç ay gedib-gəldim, maaşsız-filansız işə alışdım. 1967-ci ilin yanvar 2-də əmrim verildi və sənaye redaksiyasına rejissor köməkçisi vəzifəsinə təyin edildim. Bir müddət orada işləyəndən sonra Fikrət Qaradağlı dedi ki, sən sənətkar ailəsində böyümüsən, gəl, səni sənətlə bağlı olan redaksiyalara təhkim edim və məni incəsənət redaksiyasına göndərdi. O vaxt incəsənət redaksiyasında bizim rəhbərimiz Həbibə Məmmədxanlı və Gəray Fəzli idi. Biri ədəbiyyata baxırdı, biri də drama, teatra, televiziya tamaşalarına. Orada da nəhənglər var idi: rejissorlar Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov və b.. Bu peşə ilə məşğul ola-ola istər-istəməz bu sənətə bağlandım.”
O-bu Ramiz Həsənoğlu rejissorluq sənətinin yolçusu oldu və bu gün ölkədə yaxşı tanınan rejissorlardandır. Gənclik illərində arzuladığı kimi, cibində pulu olan, müstəqil adamlardan biridir…
Haqqında söhbət açdığım Mirzəyev Ramiz Həsənağa oğlu 1946-cı ildə İrəvanda dünyaya gəlib. Azərbaycan teatr, kino və televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimidir…
“Mənim çox gözəl bir ideyam var idi. Amma onu artıq şikəst elədilər. Mən düşünürdüm ki, Anarın “Ağ liman”ı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi” əsasında səviyyəli bir serial çəkim. O, həm bizi o dövrə aparcaqdı, həm də 60-cı illərdən bir az da gələcəkdik bu yana, 70-ci illərə... Amma təəssüf ki, hər şey şikəst edildi…”- söyləyir.
Ramiz Həsənoğlu haqqında çox danışmaq olardı, amma vaxtın darlığına təslim olub söhbətimi burada saxlayıram. İnşəallah 80 illik yubileyi ərəfəsində daha geniş söhbət etmək ümidilə sizdən ayrılıram…
Aprelin 13-ü Ramiz müəllimin növbəti ad günüdür, 78 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu