“Heç kimə demirdim ki, “Uzundraz Oqtay” mənəm”- məşhur filmin qəhrəmanı-EKSKLÜZİV
Mədəniyyət
6997
27 Feb 2024 | 09:32

“Heç kimə demirdim ki, “Uzundraz Oqtay” mənəm”- məşhur filmin qəhrəmanı-EKSKLÜZİV

 
“May ayında 86 yaşım tamam olacaq. Hal-hazırda pensiyadayam. Vaxtilə kinoda da, dublyajda da çalışmışam. Bu gün dəvət gəlsə belə, çəkilə bilmərəm. Sağlamlığım imkan vermir. Həm də gərək aktyor fiziki baxımdan da sağlam olsun. Heç bir fəxri adım yoxdur. Heç kimə müraciət də etməmişəm, ehtiyac da yoxdur. Bu gün mənim dostluq etdiyim sənətkarların əksəriyyəti dünyada yoxdur. Elxan Qasımovla bir kursda oxumuşuq, bir filmdə çəkilmişik. Bəzən Əbdül Mahmudbəyovun müsahibələrini oxuyuram. Müasir televiziyada hərə bir cür hoqqa verir. Dövrə, zəmanəyə uyğundur. Yeni çəkilən filmlərə baxmıram, rejissorları da tanımıram. Heç bir məlumatım yoxdur. Bizim qatarımız getdi”
 
 
 
 
 
 
Bunu Moderator.az-a özəl açıqlamasında “Əhməd haradadır?” filminin “Uzundraz Oqtay”-ı Novruz Axundov deyib. O daha sonra ustadı, görkəmli teatr və kino aktyoru Adil İsgəndərovla bağlı xatirələrini bölüşüb.
 
“Bütün dünya teatrlarında belə bir qanun var ki, teatrı aktyora görə yox, rejissora görə tanıyırlar. Deyirlər ki, Vaxtanqovun teatrı, Adil İsgəndərov teatrı. Adil İsgəndərov elə fenomenal insandır ki, 28 yaşında “Vaqif” pyesini səhnələşdirib. Bu adam 45 yaşa qədər xalq artisti fəxri adını, “Stalin” mükafatı, Ssri xalq artisti titullarını alıb. Adil İsgəndərova bu gün çox ehtiyacımız var. Özü rejissor kimi cəmi “Əhməd haradadır?” filmini çəkib. Amma aktyor kimi çəkildiyi filmlər çoxdur. O həm də böyük şəxsiyyət idi. Həsən Seyidbəyli “Nəsimi” filmində onu, Yusif Vəliyevi Teymurləng roluna sınaq çəkilişlərinə çəkmişdi. O özü təklif etmişdi ki, “qadam, məni yox, Yusifi çək”. Həsən Seyidbəyli çox təkid etmişdi ki, siz yaxşı oynamısınız, sizi çəkim. Adil müəllim həm də tələbələrinə qarşı diqqətli idi. Onların hər işi, problemi ilə maraqlanırdı. Universitetə daxil olandan sonra soruşurdu ki, kimin aktyorluqdan başqa nə bacarığı varsa mənə desin, onlara kömək edim, inkişaf etdirsin” deyə o bildirib.
 
 
 
Novruz Axundov bildirib ki, “Əhməd haradadır?” filminə də Adil İsgəndərovun dəstəyi ilə çəkilib.
 
“ “Əhməd haradadır?” filmi çəkilən ərəfədə bizim kursu qəbul etmişdi. Mən, rəhmətlik Elxan Qasımov, Amaliya Pənahova, Qasım Səfər, Əbdül Mahmubdəyov və s. şəxslər var idi kursumuzda. Sən demə o bizi elə həmin film üçün seçirmiş. Moskvadan da Yuli Fogerman adlı bir operator gəlmişdi. O da gəlib bizə baxırdı. Adil müəllim “Uzundraz Oqtay” rolu üçün başqa şəxs də fikirləşmişdi. Yuli Fogerman məni göstərib təkidlə dedi ki, “mən bu oğlanı çəkmək istəyirəm”. Məni sınaq çəkilişlərinə çəkdilər. Bədii Şura təsdiqlədi, filmdə çəkildim. Filmdə eynəkdən istifadə etmişəm. Gözlərim o vaxt çox yaxşı görürdü, indi pis görür. Guya kitab oxuyan idim, gözlərim zəifləmişdi. O vaxt çox hadisələr baş vermişdi. Film improvizələrlə zəngin idi. Hər şeyi detallı rejissor aktyora demir ki. Özümüz də filmə müəyyən şeylər qatırdıq. Ard-arda rejissorlar məni filmlərinə dəvət edirdilər. “İstintaq davam edir”, “Yenilməz Batalyon”, “Mahnı dağlarda qaldı”, “Rəqiblər” və s. filmlərdə çəkildim. Uzun illər kinostudiyada dublyaj rejissoru kimi fəaliyyət göstərmişəm. “Mozalan” satirik kinojurnalında həm çəkilirdim, həm də onu rus və digər xarici dillərə tərcümə edirdim. 500-ə yaxın filmin dublyajında rejissorluq etmişəm. Vaxtım az idi. Filmlərimiz o vaxt primitiv üsulla çəkilirdi. 1 günə çəkilməli olan səhnə 5 günə çəkilirdi. Yeni ailə həyatı qurmuşdum. Evdən-eşikdən avara düşürdüm. Ona görə də çəkilməyə çox da meyl etmirdim” deyə sənətkar bildirib.
Aktyor bildirib ki, uzun illər “Əhməd haradadır?” filmində çəkildiyini hamıdan gizlədib.
 
“Orta məktəbdə əmək dərsini tədris edirdim. Tələbə idim. O vaxt bildirmirdim ki, “Uzundraz Oqtay” mənəm. Orta məktəbdə işlədiyim üçün mənə təqaüd də vermirdilər. Sonra bərpa etdilər. Hətta ailəm də bilmirdi ki, kinostudiyada işləyirəm. Tofiq Tağızadə “Arşın mal alan” filminin ikinci hissəsini çəkəndə məni Süleyman roluna dəvət etdi. Lakin çəkilmədim. Sonuncu filmim “Gözlə məni” filmi olub”, - deyə aktyor bildirib.
 
Link kopyalandı!
Son xəbərlər