“Mən həmişə demişəm, yenə də deyirəm, sənətin özünü sevmək lazımdır, sənə verdiyini yox. Mən bu işdən nə qopararam yox, mən bu sənətə nə verə bilərəm deyə düşünməliyik. İşinə sevgi ilə yanaşmaq lazımdır. Belə olan halda uğur da qazanacaqsan”
Bunu Moderator.az-a Milli televiziyanın yarandığı gündən peşəkar aparıcı, əməkdar artist Nailə İslamzadə deyib. O daha sonra əlavə edib.
“Bu gün verilişlərə hazırlaşıb gələnlər azdır. İndi də mənim işlədiyim, birlikdə tərəf müqabili olduğum insanlar var ki, mən özüm də onların çoxundan razı deyiləm. Tamaşaçıları qıcıqlandıran tərzdə danışmaq, özünü birinci yerə qoymaq olmaz. Biz o verilişə gələnlərdən artıq deyilik. Biz heç kimin üzərində hakim ola bilmərik. Biz heç kimdən ağıllı ola bilmərik. Bizə ekranın o tayından kifayət qədər ağıllı tamaşaçılar baxır. Efirdə davamlı, dayanmadan danışmağı bacarmaq hələ yaxşı danışmaq demək deyil. Bu tamaşaçını yorur. Əsas odur ki, onlara lazım olan informasiyanı vaxtında çatdırasan. Biz danışarkən pauzanı, məntiqi vurğunu harada qoymaq lazımdırsa bunu izah etməliyik. Sovet dövrünü bəyənmirik, amma o dövrün indi də tətbiq olunacaq şeyləri var. Bir səhifə mətn 2 dəqiqə 15 saniyədən tez yaxud da gec oxunmamalıdır. İndi bunları edirlər? Ona görə də artıq sözləri eşidəndə tamaşaçının qulağı, gözü, ruhu yorulur. O vaxt ciddi nəzarət var idi, biz istədiyimiz kimi özümüzü aparıb, istədiyimiz kimi danışa bilməzdik. Mənə elə gəlir ki, o nəzarət indi də lazımdır. Amma bunu ümumiləşdirmək olmaz. Bizim televiziyalarımızda kifayət qədər savadlı jurnalist və aparıcılarımız var. Bir neçə veriliş var ki, onlar uzun müddət efirdə qalır və hər gün göstərilir. Orada olan səhvlər televiziyaya qarşındakı insanları aqressiv edir. Halbuki həmin verilişə baxılır. Baxmaya bilmirik. Nəyi çox göstəririksə onu çox təbliğ edirik” -deyə Nailə İslamzadə qeyd edib.

Nailə İslamzadə hələ də öz sahəsi ilə bağlı bilmədiklərini bu gün dəqiqləşdirdiyi, yeri gələndə öyrəndiklərini də əlavə edib.
“Öyrənmək heç bir zaman gec deyil. Mən bu yaşımda da öyrənirəm. Elmlər Akademiyasında dilçiliklə məşğul olan insanlar var. Monitorinq Mərkəzinin sədri Sevinc xanım var, bəzən onunla məsləhətləşirəm. Çünki tamaşaçı, gənc nəsil qarşısında biz televiziyaçıların və televiziyaların məsuliyyəti var. Özümüzü necə aparmağımız, hansı dildə necə danışmağımız, jestlərimiz, hərəkətlərimiz, davranışlarımız və həyat tərzimiz gələcək nəsil üçün nümunədir. Mən demirəm ki, hamımız nümunəvi insanlarıq. Əslində nümunə olmalıyıq. Kim ki, üzdə olur, onlar daha çox görünürlər. Ona görə də bu daha çox televiziya rəhbərlərindən asılıdır ki, kimləri seçirlər?! Burada məsuliyyət birbaşa rəhbərlikdədir”.
Peşəkar diktor bildirib ki, indiki şəraitlə daha çox şey etmək olar.
“O illərdə texnika çox zəif, baza demək olar ki, yox idi. Qışda studiya soyuq, yayda isə isti olurdu. Nə istilik sistemi var idi, nə də ki, kondisioner sistemi. O vaxt yay bir bilsəniz necə isti olurdu... Qolu qısa geyimdə tamaşaçı qarşısına çıxa bilməzdik. Böyük bir verilişi yayın istisində kondisionersiz yazırdıq. Təsəvvür edin. O vaxtla indiki şərait bir deyil. İndiki şəraitlə daha gözəl işlər görmək olar. Olunur da. Siz İctimai televiziyanın son illərdəki verilişlərinə fikir verirsiniz? Demək ki, etmək olar. Bunu etmək üçün isə ora can qoymaq lazımdır. Öz mənfəətini yox, televiziyanın, tamaşaçıların mənfəətini güdmək lazımdır. Çox şey maliyyənin başındadır. Verilişdə vizuallıq yaratmaq üçün təbii ki, ora maliyyə lazımdır. O ayrılan maliyyənin hamısı ora getməlidir, başqa yerə xərclənməməlidir. Mən ordayam deyə İctimai televiziyanı tərifləmirəm. Heç ora gedəndən kanalın sədri Balakişi Qasımovu görməmişəm. Bir-iki iclaslarda görmüşəm. Mən onu studiyalarda görürəm. Hansı yeni verilişlərin çəkilişi olursa, özü onun içindədir. Bu zaman uşaqlar da məsuliyyət hiss edir. Hamısının başında durur. Bu tərif deyil. Məni tanıyanlar bilir ki, tərifi sevmirəm. Bu gün İctimai televiziyadayam, sabah başqa yerdə ola bilərəm. Özümü təsdiq edən yaşım deyil. Bu gün bayramdır, əslində yaxşı şeylərdən də danışmalıyıq. Televiziyamızda doğurdan da yaxşı cəhətdən danışılacaq o qədər gözəl şeylər var ki. O qədər gözəl həmkarlarım var mənim. Mənim köhnə diktor həmkarlarım.. İndi də həmkar olaraq qalırlar. Sadəcə olaraq onlar nəsilcə böyükdürlər. Tamaşaçılar onları görməyi çox arzulayır. İstərdim ki, onları arada-sırada dəvət edib bir mətn versinlər. Onlar bununla yaşaya bilərlər. Bütün tamaşaçıları, televiziya əməkdaşlarını peşə günü münasibəti ilə ürəkdən təbrik edirəm" deyə peşəkar diktor bildirib.
