2841
17 Dec 2023 | 05:32

"Bizim küçə" filminin baş qəhrəmanı: "O şillədən sonra şok keçirdim, yerə yıxıldım, ürəyim getdi..."

“Anam atamdan gizlin məni baletə qoymuşdu. Günlərin bir günü Qəmər Almaszadə məni “Şelkunçik” baletində baş rola seçir. Anam atamı dəvət edir ki, gedək baletə baxaq. Atamı səhnəyə yaxın 3-cü sırada əyləşdirir. Anam bu an məni göstərərək atama deyir ki, “Görürsən nə qəşəng qızdır?”.Atam da deyir ki, “bu nə gözəl qızdır”. Anam bu an deyir ki, “səhnədəki bizim qızımız Rimmadır”. Anam atamdan soruşur ki, “olar o texnikumda oxusun?” Təsəvvür edin, mən artıq səhnədəyəm, anam atamdan icazə istəyir (gülür). Atam etiraz etmir. O illərdən mən baletlə məşğul olmağa başlayıram”
 
 
 
Bunu Moderator.az-a açıqlamasında “Bizim küçə” filminin baş qəhrəmanı, Əməkdar incəsənət xadimi Rimma Məmmədova deyib.
Aktrisa “Bizim küçə” filminə dəvətdən də danışıb.
“Bu filmə çəkiləndə 18 yaşım var idi. Məni filmə Adil İsgəndərov dəvət qəbul etdi. Sınaq çəkilişləri baş tutdu. Mən sınaq çəkilişlərində qəhrəmana şillə vururdum. Qəhrəmanı məşhur aktyor Tonos oynayırdı. O da çox hündürboy idi. Adil İsgəndərov mənim rola uyğun gəlib-gəlməməyimə baxırdı. Mənə tapşırıq veriləndə çalışırdım ki, onu layiqincə yerinə yetirim. Tərəf müqabilimi oynayan  aktyor hündürboy idi, mən isə tullanıb ona şillə vururdum. 3 ay evdən kənarda biz bu filmi çəkdik. Gənc idim, filmi ya əvvəldən çəkirdilər, ya da son səhhəsini. Bilmirdim ki, necə alınıb? Çünki tam ardıcıllıqla çəkmirdilər. Bircə onu bilirəm ki, peşəkar mühit var idi. Bu filmdən sonra hamı mənə “Sara Gözəlova” deyirdi. O zaman başa düşdüm ki, film necə uğurlu alınıb”
 
 
 
Aktrisa çəkilişdə yaşanan hadisələrdən də danışıb.
“Böyük bir kollektiv işləyirdi. 3 ay Qara dənizdə qaldıq. Kollektivdə mənə çox böyük hörmət var idi. Həmişə deyirdilər ki, “ən yaxşı otağı Rimma xanıma verin”. Filmdə belə bir səhnə var ki, Alman qadın anamın qızıllarını məndən alanda mənə bir şillə vurur. O şillənin təsirindən  ürəyim getdi, yerə yıxıldım. Rəsmən şok oldum. Həmin qadına qarşı ürəyimdə bir nifrət yaranmışdı” deyə o bildirib.
 
 
Aktrisa sonradan filmlərə çəkilməməsinin səbəblərindən danışıb.
“Mən kinonu bəyənmirdim. Sistemli iş yox idi. Hətta Həsən Seyidbəyli “Telefonçu qız” filminə dəvət etdi, rejissor asistentini də evə göndərmişdi. Elə bilirdilər ki, atam çəkilməyimə icazə vermir. Halbuki onun xəbəri yox idi. Daha sonra “Böyük dayaq” filmində Maya roluna dəvət aldım. Nəsə istəmədim. Hətta Hökümə Qurbanova məni Akademik Milli Dram teatrına dəvət etdi, dedi ki, “səndən yaxşı aktrisa olar”. Amma getmədim. Düşünürdüm ki, bu iş mənlik deyil” deyə Rimma xanım deyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər