Qənirə Paşayeva “Azərbaycan mədəniyyət günləri”nin açılışında çıxış edib - FOTO/VİDEO
Mədəniyyət
3571
25 Oct 2022 | 13:43

Qənirə Paşayeva “Azərbaycan mədəniyyət günləri”nin açılışında çıxış edib - FOTO/VİDEO

Qənirə Paşayeva Nəvai vilayətində “Azərbaycan mədəniyyət günləri”nin açılışında mədəniyyət paytaxtımız Şuşadan danışıb.
 
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Nəvai şəhərinin "Farhod" ("Fərhad") Mədəniyyət sarayında möhtəşəm açılış mərasimi keçirilib.
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.
 
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib. O, ortaq köklərə malik xalqlarımız arasında dil, din, tarix birliyindən söz açaraq, mədəniyyətlərimizin yaxınlığını, qarşılıqlı doğmalığnı xüsusi vurğulayıb. Komitə sədri bu doğmalığn, yaxinlığın dərin tarixi ənənələrə malik olduğunu qeyd edərək, böyük gələcək vəd etdiyini qürur hissi ilə söyləyib.
 
Q.Paşayeva mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığımız haqqında danışaraq, Əlişir Nəvainin Nizami Gəncəvini özünün mənəvi ustadı sandığını, Hüseyn Cavid və Abdurrauf Fitratın oxsar taleyi, Qafur Qulam və Səməd Vurğun arasında güclü yaradıcılıq əlaqələri və dostluq əlaqələri haqqında fikirlərini bölüşüb, bu münasibətlərin boğun yeni nəsil yazarları tərəfindən uğurla davam və inkişaf etdirildiyini söyləyib.
 
Türk dünyasında mədəniyyət və digər əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinin, genişləndirilməsinin önəmindən danışan Q.Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda keçirilən "Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri" çərçivəsində milli mədəniyyətimiz və xalqlarımız arasında dostluğa, həmrəyliyə dair çoxsaylı tədbirlərin, layihələrin gerçəkləşməsini məmnunluqla qeyd edib.
 
O, Nəvaidə ilk dəfə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri"nin Nəvai sakinlərinin yaddaşında xoş xatirə olaraq qalacağına inandığını deyib.
 
Komitə sədri deyib: “Qardaş Özbəkistan dövləti və çoxmilyonlu özbək xalqı bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Biz 44 günlük müharibə vaxtı bunun bir daha şahidi olduq. Bu gün də ilk növbədə Özbəkistan xalqına və dövlətinə minnətdarlığımızı bildirir, ən xoş diləklərimizi yetirirəm.”
 
Millət vəkili eyni zamanda  Mədəniyyət paytaxtımız Şuşadan danışıb, Şuşanı yalnız Azərbaycanın deyil, Türk-İslam dünyasının mədəniyyət paytaxtı kimi xarakterizə edib. O, qeyd edib ki, “Şuşa özünəməxsus tarixə, mədəni irsə malik şəhərdir. Şuşa qərinələr boyu Azərbaycan və Türk-İslam musiqisi üçün önəmli isimlər yetişdirib, mədəniyyət beşiyi olub. Ümumtürk mədəniyyətinə önəmli töhfələr verən neçə-neçə dahi şəxsiyyət Şuşada doğulub, boya-başa çatıb.”
 
Çıxışına davam edən komitə sədri erməni vandalizmindən,  bir çox mədəniyyət və tarixi abidənin məhv edilməsindən danışıb. Sonda Q.Paşayeva tədbir iştirakçılarının çoxunun hələ Şuşada olmamasını vurğulayaraq, hər bir özbək aydınını ölkəmizə, qədim Şuşamıza dəvət edib.
 
Tədbirdə Nəvai vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, universitet tələbələri, jurnalistlər, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və b. iştirak edib.
 
Nəvai vilayət hakiminin müavini Sədullo Mirzoyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və b. ətraflı çıxış edib, ürək sözlərini bölüşüb.
 
Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa edib.
 
Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Kövkəb Əliyeva adına Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa edib.
 
Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını (koloritlərini) özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Qeyd edək ki, geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb. 
 
Milli libaslar "Qarabağ şikəstə"sinin sədaları altında Nəvai Dövlət Universitetinin tələbə qızları tərəfindən təqdim olunub.
 
Geyimlər arasında "Xarı bülbül" kompozisiyası tamaşaçıların daha böyük maraq və alqışları ilə qarşılanıb.
 
Q.Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti vilayət rəhbərliyinə, vilayət rəhbərliyi tərəfindən numayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.
 
Arzu edənlər bu linkdən izləyə bilər:

Link kopyalandı!
Son xəbərlər