Qənirə Paşayeva Buxarada gənclərə çağırış edib - FOTO/VİDEO
3194
24 Oct 2022 | 17:54

Qənirə Paşayeva Buxarada gənclərə çağırış edib - FOTO/VİDEO

Qardaş Özbəkistanda növbəti “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib.
 
Moderator.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlər paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edib.
 
Tədbirlərdə MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
 
Buxara səhərinin "Yoshlar markazi"ndə ("Gənclər Mərkəzi"ndə) keçirilən tədbirdə Azərbaycandan gələn qonaqlar, yerli hakimiyyət, mədəniyyət və sənət xadimləri, yerli azərbaycanlılar, universtet tələbələri, jurnalistlər və b. iştirak edib.
 
Buxara şəhər hakimi Jamol Nasirov Azərbaycandan gələn qonaqlara öz təşəkkürlərini bildirərək, şəhərdə ilk dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin iki ölkə arasında dostluğun möhkəmlənməsinə, mədəni-ədəbi əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə inamını ifadə bildirib.
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışaraq, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
 
Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, MM Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayaraq, belə tədbirlərin daimi keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
 
Q.Paşayeva Türk dünyasında həmrəyliyin vacibliyi haqqında danışaraq, Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfəri və müharibədə türk dövlətlərinin Azərbaycanın haqq işinə dəstək göstərdiklərini minnətdarlıqla xatırladıb.
 
Buxaranın yalnız Özbəkistan üçün deyil, bütün Türk-İslam dünyası üçün özünəxas yerə və rola malik olduğunu söyləyən Q.Paşayeva, Buxarada Azərbaycan mədəniyyətinə yüksək maraqdan çox şad olduğunu deyib.
 
O, Buxara vilayət sakinlərinə Azərbaycan milli mədəniyyəti, musiqimiz, rəqs, rəsm sənətimiz, musiqi alətləri, milli geyimlər təqdim edilməsini mədəni mübadilənin
praktik addımları olaraq təqdir edib.
 
Q.Paşayeva həmçinin numayəndə heyətinin də Buxara kitabxanalarına və yerli diaspor təşkilatına Azərbaycana dair nəşrlər, materiallar təqdim edəcəyini bildirib.
 
Komitə sədri 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa ili" elan olunduğunu və Şuşanın gələn il Türk dünyasının Mədəniyyət paytaxtı olacağını deyib. O, il içində Özbəkistanda Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa ilə, mədəni irsimizlə bağlı silsilə tədbirlərə görə əməyi keçən hər kəsə təşəkkür edib.
 
Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa edib.
 
Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Kökəb Əliyeva adına "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa edib.
 
Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını, koloritlərini özündə əks etdirən - Azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadənin hazırladığı milli geyimlər kolleksiyası nümayiş etdirilib.
 
Arzu edənlər bu linkdən izləyə bilər:

Link kopyalandı!
Son xəbərlər