Hacı Şahin Həsənlidən qalmaqallı “Sonuncu şam yeməyi” filminə dəstək: “Arzu edirəm ki.... “
Mədəniyyət
1251
18 Jan 2022 | 14:27

Hacı Şahin Həsənlidən qalmaqallı “Sonuncu şam yeməyi” filminə dəstək: “Arzu edirəm ki.... “

İlahiyyatçı Hacı Şahin Həsənli bu günlərdə müzakirə obyektinə çevrilən “Sonuncu şam yeməyi” filminin yaradıcıları ilə görüşüb.

Moderator.az bildirir ki, bu barədə ilahiyyatçının özü sosial şəbəkədə məlumat paylaşıb. İlahiyyatçı qeyd edib: “Məlum olduğu kimi, son günlər "Sonuncu şam yeməyi" filmi geniş müzakirələrə səbəb oldu. Bir qrup inanclı insan hesab edirlər ki, filmdə xalqımızın inancları gülüş obyektinə çevirlib, digərləri satiranın bir qədər aşırı formasının seçildiyi qənaətindədir. Narazılıqlar da əsasən bundan doğub. Filmin yaradıcıları ilə görüşdük, fikir mübadiləsi apardıq. Düşünürəm ki, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır. Bu baxımdan Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır.

Təbii ki, hər kəs öz sahəsinə uyğun bir üslub seçir: kimi elmi, kimi nəsihəti, kimi də yaradıcılığı ilə. Bu işdə, düşünürəm, cəmiyyətimizin bütün nümayəndələri bir birinə dəstək verməlidirlər.

Qeyd olundu ki, insanımızın mənəvi mövzularda diqqətli və həssas olması da təbii və başadüşüləndir. Həmsöhbətlərim vurğuladılar ki, tamaşaçı qədər onlar da bu məsələlərə həssas və məsuliyyətli yanaşırlar.

Filmin yaradıcı heyəti də bu fikirdədir ki, mənəvi dəyərlər və inanc sürətlə dəyişən dünyada xalqımızın ayaqda qalmasının əsas şərtidir. Onlar mənəvi dəyərlərin istismarı, insan həyatının dəyərsizləşməyi kimi qlobal problemlərin özünəməxsus bədii həllini tapmağa cəhd göstəriblər.

Söhbət zamanı onlar kiminsə inancına toxunmağı ağıllarından belə keçirmədiklərini xüsusi vurğuladılar. Onlar əslində inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəflədiklərini bildirdilər”, - deyə o, qeyd edib.

Hacı Şahin Həsənli müzakirə mövzusu olan məsələlərlə bağlı şəxsi fikir və iradlarını bildirib:

“Fikirlərim hörmətlə dinlənildi. Ən mühüm olan budur ki, cəmiyyətimizdə sağlam dialoq mədəniyyəti formalaşmalıdır. İstənilən məsələnin müzakirəsi zamanı əsəbi, aqressiv münasibət yolverilməzdir. Razılaşmadığın insanı linç etmək, şəxsiyyətini hədəfə almaq heç bir məsələnin düzgün həll yolu deyil.

İnşallah, gələcəkdə daha böyük uğurlara imza atacaq, bu kimi anlaşılmazlıqları önləməyə çalışacaqlar.

Sonda çox istərdim ki, elmi və bədii yeniliklər məhz elm və sənət baxımından da müzakirə olunsun. Sağlam tənqid yalnız inkişafa səbəb ola bilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti müharibədə olduğu kimi bütün sahələrdə fədakar, mənəviyyatlı və istedadlıdır. Allahdan bütün gənclərimizə uğur arzu edirəm!”.

Qeyd edək ki, rejissor, aktyor Əlixan Rəcəbov da “Sonuncu şam yeməyi” filmi haqqında səslənən iradlarla bağlı sosial şəbəkədə öz mövqeyini bildirib: “Əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik! Arzulayıram ki heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın.

“Sonuncu şam yeməyi” filmimiz bir qisim həmvətənlərimizin xətrinə dəyib təəssüf ki. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər.

Əvvəla, film din haqqında yox, xurafat haqqındadır, həm də insan ölümünün dəyərsizliyini göstərir və ya həyatının. Əslində bizim ilkin məqsədimiz elə məhz bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xurafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik. Hər şeydən əvvəl isə bu sənədli yox, bədii filmdir. Bədii filmdə isə janrlar olur. Bu film absurd komediya janrındadır. Personajların əksəriyyəti qrotesk (1910-1920 ci illərdə yazılmış İtalyan dramaturqların tez-tez absurd görünən qeyri-təbii prekursorları məktəbinə aiddir) personajlardır. Normal insanın verdiyi reaksiyaları vermirlər”. 

Link kopyalandı!
Son xəbərlər