Mədəniyyət
4286
10 Nov 2021 | 10:40

"Yaxşı, əgər bunlar yoxdursa, siz nə ilə məşğulsunuz?"

 

Azərbaycan  dramaturgiyasında yeni dönəm başlasa da nədənsə o yenilik heç də hiss olunmur. Bəs görəsən niyə yeniləşmə yoxdur? Yeni mövzular, yeni obrazlar yox dərəcəsindədir. Sovet dövrünün təsirindən niyə uzaqlaşa bilmirik?

 

 Mövzu ilə bağlı yazıçı-dramturq Əli Əmirli Moderator.az-a təəssüratlarını bildirib:

"Samballı deyəndə nəyin nəzərdə tutulduğunu bilmirəm, bu hansı ölçü vahididir, mənə tanış deyil, amma otuza yaxın  əsəri ölkənin bütün əsas teatrlarında və 10-a yaxın  xarici ölkə teatrlarında oynanan dramaturq kimi deməzdim ki, bizdə yaxşı əsərlər yaranmır. Axı mənim iyirmi yaşını tamam eləmiş “Varlı qadın”ım iyirmi dövlət  teatrında tamaşaya qoyulub. İyirminci premyerası Osetiyanın payına düşdü. Daha "Köhnə ev", "Mesenat", "Şah Qacar"ı və başqalarını demirəm. Elçinin “Qatil”i, "Şekspir"i, "Cəhənnəm sakinləri" həm ölkədə, həm də bir neçə Avropa ölkəsində böyük uğurla tamaşaya qoyulub. Bunlar son dövrlərdə yaranan əsərlərin cüzi  bir hissəsidir. Hələ Kamal Abdullanın, Elçin Hüseynbəylinin, Firuz Mustafanın,  Afaq Məsudun, dramaturgiyaya öz sözü ilə gələn  İlqar Fəhminin pyeslərini demirəm. Amma birini deyim, YUĞ teatrında İ.Fəhminin Mehriban Ələkbərzadənin qurluşunda tamaşaya qoyulmuş "Mənəm mən" pyesi Nəsimi ilinin  ən yaxşı ədəbi məhsulu kimi dəyərləndirildi. 
Təbiidir ki, yazılan hər  pyes şedevr ola bilməz, amma olanları, tamaşaçı uğuru qazanan əsərləri qiymətləndirməkdə çətinlik çəkirsinizsə, heç olmasa görün. Məni həmişə teatrın məhv olduğunu, öldüyünü, ölkədə ümumiyyətlə dramaturqun və dramaturgiyanın olmadığını iddia edən teatr adamları daha çox təəccübləndirir. Yaxşı, əgər bunlar yoxdursa, siz nə ilə  məşğulsunuz? Bu yerdə qalır Məşədi İbaddan sitat gətirmək: “Belə məlum olur ki, xalqın  gözü pis görür.” 


Teatrların pis vəziyyətdə olmasını dramaturgiyamızın zəifliyində axtaran rejissorlara isə qətiyyən bəraət yoxdur. Azərbaycanlı dramaturqlar pis yazırlarsa siz öz istedadınızı əcnəbi dramaturqların gözəl əsərlərində göstərin. Ümumiyyətlə, axır vaxtlar  görürəm ki, pyesin necə yazılmasını rejissor da bilir, teatrşünas da, jurnalist də, aktyor da, teatr direktoru da, qapıçı da. Bilməyən təkcə dramaturqdur. 


İndi keçək sizin dediyiniz sovet dövrünün təsirinə. Saydığım və adını demədiyim əsərlərin hər biri müstəqillik dövründə yazılıb və heç birində nə sovet ideologiyası var, nə sovetizm var, nə də onun  təsiri.  Ömrünün böyük bir hissəsini sovet dövründə yaşamış dramaturq kimi bunu mən daha yaxşı bilirəm. Çünki o təsir də, sovet iyi də, qoxusu da bizə daha yaxşı  tanışdır. Elə ona görədir ki, sovet dövrünün məşhur əsərləri bu gün səhnədə gözə dəymir. 


Keçək  gənc nəslin dramaturji yaradıcılığına  Bu gün Azərbaycanda elə bir gənc dramaturq yoxdur ki, onu yaxından ya uzaqdan tanımayım. Bunların arasında əsərləri artıq müxtəlif teatrlarda tamaşaya qoyulanlar da var. Pərvinin bir-neçə pyesi ölkənin müxtəlif teatrlarında, Ülviyyə Heydərin monopyesləri bir neçə xarici ölkə və Sumqayıt teatrında səhnələşdirilib. Ölkənin teatr həyatına bir canlanma gətirmiş   "4.4 kiçik tamaşalar festivalı"nda 1-ci yeri tutmuş "Qonşu" tamaşasının müəllifi Nihad Qulamzadənin adını xüsusi çəkmək istərdim. Bu vaxtacan mən onu ƏSA teatrının yaradıcısı, bədii rəhbəri kimi tanıyırdım, bu festival göstərdi ki, Nihadın çox gözəl dramaturji istedadı varmış. Əminəm ki, "Qonşu" əsəri festival tamaşası kimi ömrünü bitirməyəcək, başqa teatrların da repertuarını bəzəyəcək.


Pərviz Seyidlinin yaxşı dramaturq olacağına  da şübhəm yoxdur. Onun "İstintaq" adlı pyesini çox bəyənmişdim. Bildiyimə görə həmin pyesə  Musiqili  teatr  maraq göstərib. Kinodramaturq kimi də fəaliyyəti olan  Pərvizin ssenarisi əsasında çəkilmiş "Simurq" teleserialı ümumi fonda özünün müsbət dramaturgiyası  ilə seçildi. 


Orxan Bahadursoyla tanış olmasam da, dram yaradıcılığından xəbərim var, bir neçə pyesini oxumuşam.  Azərbaycanda tamaşaya qoyulmasa da Almaniyada bir əsərinin oynanmasından xəbərim var.


Cavid Zeynallı istedadlı nasir olmaqla yanaşı həm də  dramaturqdur. İnanıram ki, onun pyesləri nəhayət teatrların diqqətini cəlb edəcək. Daha bir gənc dramaturqun,  Elvin Nurinin əsərləri ilə də tanışam. Elvin həqiqətən gəncdir, cəmi 21 yaşı var, amma əsərləri göstərir ki, o çox qısa bir zamanda  yaxşı dramaturq olacaq. 


"4.4 kiçik tamaşalar festivalı" bir çox istedadları, yeni adları aşkara çıxardı. Teatr adamları, xüsusilə gənc teatr xadimləri  ünsiyyətdə oldular, bir-birlərini tanıdılar. Həm də  buna görə  festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm. Mən bu festivalda  bir vaxt Tərlan Rəsulovun dOM teatrında tamaşaya qoyulmuş "Limbo" əsəri ilə qiyabi  tanıdığım və bəyəndiyim gənc dramaturq həmkarım İsmayıl İmanla öz təşəbbüsümlə tanış oldum. Bir neçə gün ərzində onun 5 pyesini oxudum. Bu oxudan böyük zövq aldım, həm də etiraf edim ki, təəccübləndim. Yaxşı dramaturgiyanın qıt olduğu deyilən bir zamanda niyə bu əsərlər səhnəyə yol tapa bilmir? İsmayıl parlaq dramaturji istedadı olan  yetkin bir dramaturqdur. Onun "Astara bağları", "Big in Japan", "Almayuz döyüşü" "Balidən sonra" adlı pyesləri istənilən teatr səhnəsini bəzəyə bilər. Təsadüfi deyil ki, İsmayılın "Astara bağları" əsəri Sankt-Peterburqda İradə Gözəlovanın qurluşunda tamaşaya qoyulub. maraqlananlar Yutubda bu tamaşaya baxa bilər. Gənc adamların problemlərinə həsr olunmuş "Big in Japan" pyesi isə Moskva teatr mütəxəssislərinin  diqqətini cəlb edib. Əsər ilin ən yaxşı pyesləri sırasında yer tutub.  İsmayıl İman rus dilində yazır, amma tərcümə çətin bir şey deyil, təki teatrlarımız ona maraq göstərsinlər. S.Vurgun adına Rus  Dram teatrının  bu gənc dramaturqun yaradıcılığına biganəliyi də təəccüb doğurur.

 
Bütün bu dediklərim və demədiklərim göstərir ki, Azərbaycan dramaturgiyası yerində saymır, irəliləyir, özünü axtarır, istinad nöqtəsi gəzir.  Yeni adlar meydana çıxır, bu adlarla da bərabər yeni dramaturgiya yaranır, yeni nəfəs gəlir. Onu da unutmayaq  ki, dramaturgiya  ədəbiyyatla teatr arasında  xüsusi bir yaradıcılıq növüdür, çətin növdür, amma gözəl, bəlkə də şirin  növdür. Təsadüfi deyil ki, Belinski "Siz teatrı sevirsinizmi?" məqaləsində dramaturgiyanı bədii yaradıcılığın tacı adlandırmışdı".

 Xəyalə Rəis

                                                                             

Link kopyalandı!
Son xəbərlər