Ötən gün brifinqdə teatrların fəaliyyətinin bərpa olunmayacağı xəbəri teatrlarda çalışan aktyorların üsyanına səbəb oldu. Aktyorlar “Bəsdirin”, “Teatrları açın” tipli bəyənatlar verdilər. Onlara cavab olaraq isə gənc ifaçı, əməkdar artistin oğlu Vüqar Əliyev teatrların bağlı qalması ilə bağlı aktyorların üsyanının heç də real olmadığını vurğuladı.
Moderator.az-a danışan ifaçı zamanında atası aktyor Telman Əliyev teatrdan kənarlaşdırılanda heç bir həmkarının səsini çıxarmadığını qeyd etdi:
“Teatrla bağlı açıqlama verən aktrisa və aktyorlar heç biri səmimi deyil... Mənim atam əməkdar artist, şərəf ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda onların heç biri səsini çıxartmadı. Amma mənim istedadlı aktyor olan atam teatrın qabağında çayxanada oturub, 2 il teatra həsrətlə baxırdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atamın savadı və aktyorluğuna heç kim çata bilməzdi. İndi isə gürürəm ki, teatrın fəaliyyətinin bərpa olunmaması üçün aktyorlar açıqlama verərək “teatrı açın”, “teatrsız qalmışıq” deyirlər. Allah eləsin elə həmişə teatrsız qalasınız. Di gedin... Anlayın ki, zamanında sizinlə bərabər çalışan bir dahi aktyorun halına yanmırdınız və indi siz onun taleyini yaşayırsınız. Teatrsız, səhnəsiz qalın, bilin ki, haqq yemək nə deməkdir”.
İfaçı üsyan edən aktyorları qınaq atəşinə tutdu:
“Bu gün “teatrı açın” - deyib üsyan edirsiniz, amma zamanında həqiqəti görməzdən gəlirdiniz, göz yumurdunuz, indi isə onun bədəlini çəkirsiniz. Bəs indi niyə səsiniz çıxır? 2 ildir oturmusunuz evdə, dövlət sizə boş-boşuna maaş verir. Atama haqsızlıq olunanda susdunuz... Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz”.
Vüqar Əliyev atasının uzun müddət Gəncə Dövlət Dram Teatrında çalışıb və orada böyük tamaşaçı sevgisi qazandığını qeyd edib:
"Zamanında mərhum sənətkarımız Həsən Turabov onu paytaxta - Akdemik Milli Dram Teatrına dəvət edib, bu teatrda bir-birindən maraqlı obrazlar canlandırıb. Həsən Turabov kimi insan atamı qiymətləndirib, ölkənin bir nömrəli teatrına dəvət edibsə, bu onun istedadından qaynaqlanır. Yerdə qalan insanların fikirləri o qədər də önəmli deyil”.
Xəyalə Rəis