Musavat.com-un əməkdaşı Xalq artisti Afaq Bəşirqızı ilə səhhəti, yeni teatr mövsümündə yaradıcılıq planları, Azərbaycan teatr və kinosunun hazırkı vəziyyəti, eləcə də sənət adamlarının sosial problemləri barədə söhbətləşib.
Moderator.az müsahibəni təqdim edir:
-Afaq xanım, ilk olaraq səhhətinizlə maraqlanmaq istərdik. Vəziyyətiniz necədir? Özünüzü necə hiss edirsiniz? Yeni teatr mövsümü başlayır. Sizi yenidən səhnədə görmək mümkün olacaqmı?
- Allaha şükür, hər şey yaxşıdır. İnşallah, yeni teatr mövsümündə oktyabrın 11-də tamaşamız olacaq. Daha sonra noyabrın 22-də də səhnəyə çıxacam. Hələlik bu iki tamaşanın tarixini müəyyənləşdirmişik. Digər tamaşalarımız da var, bəzilərinin məşqləri gedir. Onların da tarixlərini müəyyənləşdirəcəyik.
Yeni tamaşa üzərində də işləyirik. Bu barədə daha sonra.
-Televiziya layihələrində də sizi görməyə öyrəşmişik. Yeni mövsümdə televiziya ilə bağlı hər hansı təklifləriniz və ya planlarınız varmı?
-Hələ ki, açığı, heç bir müqavilə bağlamamışam. Çünki mövsüm təzə başlayır. Televiziyanın da bir qədər spesifikası, strukturu dəyişdirilib. Ona görə də hələ gözləyirik, görək nə olacaq.
Ən azı bir aya qədər nələrin baş verəcəyini dəqiq demək mümkün deyil. Planlarımız var, materiallarımız da hazırdır. Amma əvvəlcə onların həyata keçməsini gözləyirik. Ondan sonra artıq konkret nəsə deyə bilərik.
Hazırda sadəcə gözləyirik ki, hansı televiziya ilə müqavilə bağlayacağımız dəqiqləşsin.
-Azərbaycan kinosunun son illərdə tədricən dirçəlməsi ilə bağlı fikirlər səslənir. Siz də bu fikirlə razısınızmı?
-Əlbəttə. Mən həmişə demişəm ki, kifayət qədər istedadlı gənclərimiz var və onlar çalışırlar. Sadəcə, onların şəraiti bir qədər əlverişli deyil. İndi Allah qoysa, inşallah, yavaş-yavaş hər şey düzələr və onların da öz istedadlarını daha yaxşı nümayiş etdirmək üçün imkanları olar.
-Bu gün sənət adamlarının sosial vəziyyəti sizi qane edirmi? Sizcə, xalq artisti adını daşıyan insanların həyat şəraiti və onlara göstərilən qayğı daha fərqli olmalıdırmı?
-Bilirsiniz, mən daha çox xalq artistlərindən deyil, sıravi aktyorlardan danışardım. Onların qayğıları məni daha çox düşündürür. Çünki məvacibləri kifayət qədər aşağıdır. Cənab Prezidentin maaşların artırılması ilə bağlı qərarları oldu, amma söhbət onsuz da az maaş alan aktyorlardan gedəndə, artımdan sonra belə onların aldığı məbləğ yenə də aşağı olaraq qalır.
Amma inşallah, mən ümidvaram ki, bu məsələ də öz həllini tapacaq və vəziyyət yaxşılaşacaq. Həm xalq artistləri, həm əməkdar artistlər, həm də sıravi aktyorlar üçün daha yaxşı şərait yaradılacağına inanıram. Sadəcə, bir qədər səbr etmək lazımdır.