Mövsümün son “Paris Notr-Dam” tamaşası 4-cü dəfə anşlaqla keçdi — FOTOLAR
1444
28 Jun 2026 | 20:55

Mövsümün son “Paris Notr-Dam” tamaşası 4-cü dəfə anşlaqla keçdi — FOTOLAR

İyunun 27-də Heydər Əliyev Sarayında ƏSA Teatrı “Paris Notr-Dam” musiqili tamaşası ilə mövsümün bağlanışını etdi.
 
ƏSA Teatrının təqdimatında nümayiş olunan bu tamaşa Viktor Hüqonun eyniadlı romanı əsasında hazırlanıb.
 
Əsası 03 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən qoyulan ƏSA Teatrı Azərbaycanda əlilliyi olan və olmayan insanların birgə yaratdığı ilk teatrdır. Teatrın komandasının səkkiz üzvü əlilliyi olan gənclərdir. Qeyd edək ki, beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam etmişdir. Yarandığı gündən bu günə qədər teatrın heyətində cavan aktyorların yetişərək peşəkar fəaliyyətlərində tanınmaları da öz ayaqları üzərində durmağı bacaran ƏSA Teatrının uğurudur.
 
Xüsusilə qeyd edilən bir məqam var ki, teatrın binası olmadığı halda yaradıcı heyət müxtəlif teatr səhnələrində oynadıqları tamaşalarla izləyicisi tərəfindən rəğbət qazana bilib. Bunlardan “Adamlar və siçanlar “, “ Paris partladı”, “ Hamlet “, “Yuxum” və digərlərini sadalamaq olar.
İllərdir müxtəlif tamaşa və layihələrə imza atan ƏSA Teatrı dünən mövsümü ölkənin ən böyük səhnəsində “Paris Notr -Dam” musiqili tamaşası ilə bağladı.
 
Layihənin rəhbəri və quruluşçu rejissoru Nihad Qulamzadə, prodüserləri Nicat Qulam və Emin Əliyev, xoreoqrafı Məlik Həsənov, ekran vizuallarının rejissoru və işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayevdir.
Vokal üzrə rejissor Vüqar Hacıyev, ikinci rejissor Nuray Musazadə, səs rejissoru Zaur Akimovdur. Librettonun adaptasiya müəllifi Həmid Piriyev, qrim rəssamı Firəngiz Həsənli, geyim rəssamı isə Günay Ömərdir.
 
Tamaşada əsas rolları Elsevər Rəhimov (Kvazimodo), Lalə Süleymanova (Esmeralda), Elşən Əskərov (Frollo), Səmayə Qulamzadə (Flör-de-Lis), Cavidan Novruz (Klopin), Elçin Nurəliyev (Feb) və Şirqasım Canməmmədov (Qrenquar) canlandırıb.
Tamaşanın son mövsüm günü olmasına baxmayaraq böyük izləyici axını Heydər Əliyev Sarayında yenə anşlaq etdi və başlayandan bitənə qədər böyük maraqla izlənildi. Azərbaycan Respublikasının İncəsənəti və Mədəniyyətinin inkişafı naminə görülən bütün işlər təqdirəlayiqdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər