Maraqlı
333
09 Apr 2026 | 22:40

"Kosmosda olmaq beyinə necə təsir edir?" - Elmi araşdırma

"Beynin kosmosda dəyişən tarazlığı və Yerə qayıdışdan sonra bərpası..."

Kosmosda olmaq insan beyninin mövqeyinə və formasına nəzərəçarpacaq təsir göstərir.

Moderator.az xəbər verir ki, bu barədə "The Conversation" nəşrində dərc olunan araşdırmada deyilir.

Mikroqravitasiya və beynin "üzməsi"

Nəşr yazır ki, uçuşdan sonra beyin kəllə daxilində yuxarı və arxaya doğru yerini dəyişir və qismən deformasiya olunur. Alimlərin bildirdiyinə görə, əsas səbəb mikroqravitasiyadır. Çəki qüvvəsinin olmaması nəticəsində bədəndəki mayelər baş nahiyəsinə doğru yönəlir və beyin, onurğa beyni mayesi və ətraf toxumalar arasındakı tarazlıq pozulur. Nəticədə beyin sanki kəllə daxilində "üzən" vəziyyətə keçir.

Astronavtlar üzərində aparılan müşahidələr

Araşdırma müxtəlif müddətlərdə - bir neçə həftədən bir ilə qədər kosmosda qalan 26 astronavtın MRT görüntüləri əsasında aparılıb. Alimlər uçuşdan əvvəl və sonra çəkilmiş şəkilləri müqayisə edərək yalnız ümumi beyin quruluşunu deyil, həm də 100-dən çox ayrı sahəni analiz ediblər. Məlum olub ki, dəyişikliklərin dərəcəsi missiyanın müddəti ilə birbaşa bağlıdır. 

Təxminən bir il orbitdə qalan astronavtlarda beynin yuxarı hissəsində bəzi yerdəyişmələr 2 millimetrdən çox olub. Ən böyük dəyişikliklər hərəkət və hissiyyat funksiyalarına cavabdeh sahələrdə qeydə alınıb. Bundan əlavə, hər iki yarımkürənin strukturlarının bir-birinə doğru yaxınlaşdığı da müəyyən edilib.

Yerə qayıtdıqdan sonra və gələcək risklər

Yerə qayıtdıqdan sonra bu dəyişikliklərin əksəriyyəti tədricən aradan qalxır və təxminən altı ay ərzində beyin əsasən əvvəlki vəziyyətinə qayıdır. Lakin bəzi yerdəyişmələr, xüsusilə arxa istiqamətdə olan dəyişikliklər daha uzun müddət qala bilər. Alimlər vurğulayır ki, bu dəyişikliklər hazırda ciddi sağlamlıq problemi yaratmır.

Hələ ki, astronavtlarda baş ağrısı və ya kognitiv pozuntular müşahidə olunmayıb. Bununla belə, kosmik missiyaların müddətinin artırılması planları fonunda bu nəticələr böyük əhəmiyyət daşıyır. Mikroqravitasiyanın beyinə təsirinin daha yaxşı anlaşılması gələcək uzunmüddətli uçuşlarda insan sağlamlığı üçün potensial riskləri qiymətləndirməyə imkan verə bilər.

Link kopyalandı!
Son xəbərlər