Nə pul, nə uğur: Xoşbəxtlik bunda imiş — 88 illik araşdırma
Maraqlı
170
09:10, Bu gün

Nə pul, nə uğur: Xoşbəxtlik bunda imiş — 88 illik araşdırma

Harvard Universitetinin 1938-ci ildən bəri davam edən və dünyanın ən uzunmüddətli xoşbəxtlik tədqiqatı hesab olunan layihəsi maraqlı nəticələr üzə çıxarıb. 88 ildir davam edən araşdırma yaxşı həyatın təməlində zənginlik və ya uğurun deyil, sağlam insan münasibətlərinin dayandığını sübut edir.
 
Tədqiqat çərçivəsində onilliklər ərzində yüzlərlə insanın həyat yolu, sağlamlıq vəziyyəti və sosial əlaqələri izlənilib. Məlum olub ki, 50 yaşında ailə və dostluq münasibətlərindən razı olan şəxslər 80 yaşında daha sağlam və gümrah qalırlar. Münasibətlərin keyfiyyəti insanın xəstəliklərə qarşı müqavimətini artırır və ömrü uzadır.
 
Əksinə, yalnızlıq və sosial izolyasiya vaxtından əvvəl ölüm riskini 25 faizdən çox yüksəldir.
 
Psixiatr Robert Valdinger bildirir ki, ətrafda çox insanın olması kifayət deyil, əsas məsələ qurulan bağların dərinliyi və səmimiyyətidir. Güclü münasibətlər insanı həyatın stress və qayğılarından qoruyan bir qalxan rolunu oynayır. Alimlər xoşbəxtlik üçün universal düstur olmasa da, sevdiyimiz insanlarla keçirilən vaxtın ən böyük sərmayə olduğunu vurğulayırlar. /Demokrat.az/
 
Link kopyalandı!
Son xəbərlər