Bizi sosial şəbəkələrdən izləyin:
Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla bu problemləri xeyli azaltmağa kömək edə bilər.
Moderator.az xəbər verir ki, alma sirkəsi saç dərisinin pH balansını bərpa edir. Asidik quruluşu həm kəpəyi, həm də ekzema səbəbindən yaranan qaşıntını azaldır. Yarım çay stəkanı alma sirkəsini iki stəkan su ilə qarışdırıb, çimdikdən sonra saç diblərinə masajla çəkmək kifayətdir. Beş dəqiqə gözlədikdən sonra saçlar yuyulmalıdır. Müntəzəm istifadə dərinin nəfəs almasına kömək edir.
Çay ağacı yağı da bu problemlərin qarşısını almaqda təsirlidir. Ekzema və kəpək çox vaxt həddindən artıq yağlanma və göbələk artımı ilə bağlı yaranır. Antibakterial xüsusiyyətə malik çay ağacı yağını şampuna 5–6 damcı əlavə etmək kifayətdir. Yağı birbaşa dəridə istifadə etmək olmaz, mütləq şampunla seyreltmək lazımdır.
Kokos yağı isə saç dərisini nəmləndirir. Quru dəridə qaşınma və qabıqlanma qaçılmaz olur. Bir miqdar yağı ovucda isidib barmaq ucları ilə saç diblərinə masaj etmək kifayətdir. Yarım saat gözlədikdən sonra təbii şampunla yumaq dəridəki gərginliyi azaldır.
Aloe vera isə ekzemanın yaratdığı qızartı və yanma hissini sakitləşdirir. Saf aloe vera geli saç diblərinə çəkilib 20 dəqiqə gözlədikdən sonra ılıq su ilə yumaq qaşıntını xeyli azaldır.
Bu üsullar kimyəvi yükü azaltsa da, dəridə dərin yaralar varsa və ya allergik reaksiya riski yüksəkdirsə, mütləq dermatoloqla məsləhətləşmək lazımdır. /Demokrat.az/