Bizi sosial şəbəkələrdən izləyin:
Böyük Britaniyanın şərq sahilləri bir neçə min il ərzində Şimal-Qərbi Avropanın geniş əraziləri ilə birləşmiş vəziyyətdə idi. Bura “itmiş dünya” Doqqerlənd kimi tanınır, təxminən 7 000 il əvvəl su altında qalıb.
Moderator.az xəbər verir ki, bu barədə “BBC Wildlife Magazine” yazıb.
Elm adamları Doqqerləndin XX əsrin əvvəlində kəşf edilməsindən bəri bu bölgədə ağacların ilk dəfə nə vaxt əmələ gəldiyi və bu meşələrin qədim insanlar nə dərəcədə yaşayışa yararlı olduğu barədə uzun müddət mübahisə ediblər.
Uorvik Universitetinin rəhbərliyi altında aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, 16 000 ildən çox əvvəl bölgədə palıd, qarağac və fındıq kimi mülayim iqlim ağacları bitib. Elm adamları həmçinin qoza yaxın olan pterokarya ağacının DNT-sini aşkar ediblər. Əvvəllər düşünülürdü ki, bu ağac növü Şimal-Qərbi Avropadan 400 000 il əvvəl yoxa çıxıb.
“Tədqiqat zamanı gözlənilmədən, ağacların hamının düşündüyündən minlərlə il əvvəl əmələ gəldiyini aşkarladıq”, - tədqiqatın aparıcı müəllifi Robin Allabi deyib.
16 000 il əvvəl Doqqerlənddə meşə biomlarının mövcudluğu göstərir ki, ağaclar təxminən 20 000 il əvvəl başa çatan son buzlaşma maksimumundan sonra bu regiona kifayət qədər tez qayıda biliblər.
Alimlərin sözlərinə görə, bu meşə biomları həm insanlar, həm də qabanlar, marallar, qunduzlar və ayılar kimi heyvanlar üçün zəngin ekoloji resurslar təqdim edib. Doqqerləndin meşələri o qədər yaşayışa yararlı və resurslarla zəngin olub ki, bir neçə erkən Mezolit icmasının mövcudluğunu təmin edə bilərdi.
“Uzun illər ərzində Doqqerlənd tez-tez yalnız Böyük Britaniyaya qədim köçlər üçün quru körpüsü kimi təsvir edilirdi. Bu gün isə anlayırıq ki, Doqqerlənd yalnız erkən insan məskunlaşmasının mərkəzi olmayıb, həm də bitki və heyvanlar üçün sığınacaq rolunu oynayıb və minilliklər boyu Şimali Avropada məskunlaşma və miqrasiya proseslərinə təsir göstərib”, - Bredford Universitetindən Vinsent Qaffni vurğulayıb. /Teleqraf.az/