“Planetlərin böyük paradı” müşahidə olunacaq
Maraqlı
121
09:55, Bu gün

“Planetlərin böyük paradı” müşahidə olunacaq

Fevralın 28-də axşam astronomik hadisə - "planetlərin böyük paradı" baş verəcək.
 
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Moderator.az-a verilən xəbərə görə, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.
 
Qeyd olunub ki, həmin vaxt planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.
 
Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər - dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək. Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10-20:30 aralığında olacaq.
 
Astronomiyada "planetlərin paradları" iştirak edən planetlərin sayına görə təsnif edilir. 3-4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet böyük parad sayılır.
 
Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni "planetlərin böyük paradı" kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.
 
Qeyd edək ki, planetlər yalnız səma proyeksiyasında bir xətt boyunca görünür, fiziki olaraq bir-birinə yaxınlaşmırlar. "Planetlərin paradı" Yerə cazibə, seysmik, iqlim və maqnit təsiri göstərmir. İnsan sağlamlığına və təbiətə də heç bir zərəri yoxdur. Bu, tamamilə təhlükəsiz və yalnız müşahidə xarakterli astronomik hadisədir.
 
Link kopyalandı!
Son xəbərlər