Naqillər üzərinə qonan quşları niyə
Maraqlı
1282
10 Jan 2026 | 19:31

Naqillər üzərinə qonan quşları niyə "tok" vurmur? - Fenomenin fizikası

Quşlar bəzən yüksək gərginlikli elektrik ötürücü xətlərin üzərində sakitcə oturur, lakin daha yüksək gərginlikli xətlərdən uzaq dururlar. Maraqlı sual yaranır, niyə onları elektrik cərəyanı vurmur və nə üçün bəzi naqillərdən instinktiv olaraq qaçırlar?
 
Moderator.az xəbər verir ki, bu hadisəni fizikanın sadə qanunları ilə izah etmək mümkündür.
 
Niyə quşları cərəyan vurmur?
 
Quşların elektrik xətlərində zərər görməməsinin səbəbini anlamaq üçün elektrik cərəyanının necə yarandığını xatırlamaq kifayətdir.
 
Elektrik cərəyanı iki fərqli potensiala malik nöqtə arasında yüklü hissəciklərin hərəkətidir. Gərginlik isə bu potensial fərqini ifadə edir, məsələn, faza naqili ilə torpaq (və ya neytral) arasındakı fərq kimi.
 
Quş naqilin üzərinə qonduqda, o, yalnız bir faza naqilinə toxunur. Bu zaman quş həmin naqilin potensialını “qəbul edir” və faktiki olaraq naqilin bir hissəsinə çevrilir.
 
Quşun iki ayağı arasında potensial fərqi olduqca kiçikdir və praktik olaraq təhlükə yaratmır. Üstəlik, elektrik ötürücü xətlərin naqillərinin müqaviməti çox aşağı, quşun bədəninin müqaviməti isə nisbətən yüksəkdir. Bu səbəbdən quşun bədənindən demək olar ki, cərəyan keçmir və o, təhlükəsiz qalır.
 
Lakin təhlükəli hallar da mövcuddur. Əgər quş eyni anda həm faza naqilinə, həm də torpaqlanmış metal konstruksiyaya, məsələn, dayaqlardakı metal traversə toxunarsa, o zaman cərəyan quşun bədənindən keçə bilər. Xüsusilə iri quşlar, məsələn, leyləklər qanadları ilə iki fərqli potensiallı naqilə toxunduqda risk altına düşürlər.
 
Qış aylarında isə transformatorların üzərində isinməyə çalışan quşlar və heyvanlar yüksək və aşağı gərginlikli kontaktların yaxınlığı səbəbindən ölümcül zərbə ala bilirlər.
 
Niyə quşlar 200 kV-dan yuxarı xətlərdən qaçır?
 
Müşahidələr göstərir ki, quşlar adətən 200 kilovolt və daha yüksək gərginlikli xətlərin üzərinə qonmurlar. Bunun səbəbi onların ətraf mühitə qarşı yüksək həssaslığı ilə bağlıdır.
 
Belə xətlər güclü elektromaqnit sahəsi yaradır. Quşlar bu sahəni hiss edir və bu onlarda narahatlıq doğurur. Bundan əlavə, yüksək gərginlikli xətlərdə hava ionlaşır və naqillər boyunca korona boşalmaları adlanan zəif elektrik parıltıları yaranır.
 
İnsan gözü ilə çətin seçilən bu proseslər quşlar tərəfindən instinktiv olaraq təhlükə kimi qəbul edilir. Nəticədə onlar daha sakit və təhlükəsiz yerləri seçməyə üstünlük verirlər. /Lent.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər