Bizi sosial şəbəkələrdən izləyin:
NASA-nın (ABŞ) keçmiş alimi Çarlz Buxler iddia edir ki, Yerin cazibə qüvvəsinə qarşı durmağın yolunu taparaq, fizika qanunlarını pozmağa nail olub. Dediyinə görə, elektrostatik asimmetriyaya əsaslanan “yeni qüvvə” kəşf edib.
Moderator.az xəbər verir ki, bu barədə “The Debrief” məlumat yayıb.
Nəşrə verdiyi müsahibədə Buxler bildirib ki, komandası yanacaq istifadə etmədən itələmə qüvvəsi yarada bilən mühərrik konsepsiyası hazırlamağa nail olub. O vurğulayıb ki, bu irəliləyiş ilkin mərhələdə cüzi nəticələr verən qurğular üzərində uzun illər aparılan sınaqlardan sonra baş verib.
Alim etiraf edib ki, dönüş nöqtəsi 2023-cü ildə yaşanıb. Həmin vaxt komanda elektrostatik xüsusiyyətlərdən istifadə edən konfiqurasiyanın yaratdığı ölçülə bilən itələmə qüvvəsini müşahidə edib.
“Əslində müəyyən etdik ki, elektrostatik təzyiqdə asimmetriya və ya istənilən elektrostatik divergensiya sahəsi olan sistemlər kütlə mərkəzinə sıfırdan fərqli qüvvə komponenti verə bilər”, - Buxler vurğulayıb.
Elm adamı qeyd edib ki, yeni mexanizm obyektin heç bir maddə (yanacaq, qaz və sair.) buraxmadan, sadəcə kütlə mərkəzini dəyişməklə hərəkət etməsinə imkan yaradır. Bu prinsip təsdiqlənsə, müasir fizikada ciddi sıçrayış olacaq, kosmik uçuşlar üçün yeni imkanlar açacaq.
Bununla yanaşı, nəşr əlavə edib ki, Buxlerin komandasının hazırladığı mexanizm hələ də onun işlədiyini təsdiqləyə biləcək müstəqil yoxlamalara ehtiyac duyur. /Teleqraf/