Elektrik olmayanda soyuducuda qidanı necə saxlamaq olar? - üç üsul
Maraqlı
731
13:59, Bu gün

Elektrik olmayanda soyuducuda qidanı necə saxlamaq olar? - üç üsul

Elektrik enerjisi olmadıqda yeməkləri soyuducuda saxlamağın qaydası açıqlanıb.

Burada ilk qayda qapını açmamaqdır.

Bir çoxlarının ilk reaksiyası yeməklərin vəziyyətini yoxlamaq olur. Bu isə ən böyük səhvdir. Elektrik kəsildikdən sonra soyuducu qapısı açılmadığı halda təhlükəsiz temperaturu təxminən 4 saat saxlaya bilir. Qapının hər açılması soyuğun çıxmasına və bu müddətin qısalmasına səbəb olur. Tam dolu dondurucu kamerada soyuq 48 saata qədər, yarıboş dondurucuda isə 24 saata qədər qala bilər.

İşığın uzun müddət sönəcəyi məlumdursa, dondurucudakı məhsulları bir-birinə daha sıx yerləşdirin, bu, soyuğun daha uzun müddət qorunmasına kömək edəcək.

Balkon – sizin ikinci soyuducunuz

Hazırda qış mövsümüdür və bu, bizim xeyrimizə işləyir. Əgər çöldə temperatur +4°C-dən aşağıdırsa, balkon ideal saxlama yerinə çevrilir.

Şorbaları, borşu (qazanlarda), salatları konteynerlərdə, həmçinin ət məhsullarını balkona çıxarmaq olar.

Yeməkləri birbaşa günəş şüalarından qoruyun – hətta qışda belə günəş konteynerləri isidə bilər. Həmçinin quşlardan qorunması üçün yeməkləri qalın parça ilə örtmək və ya qapaqlı qutulara yerləşdirmək tövsiyə olunur.

Evdə hazırlanan “soyuq akkumulyatorları”

Əgər işıq kəsintilərinin qrafiki sizə məlumdursa, öncədən hazırlaşmaq faydalıdır.

Su dolu butulkalar

Bir neçə plastik butulkanı su ilə doldurub dondurucuda dondurun. Adi və ya duzlu su istifadə etmək olar duzlu su daha gec əriyir. İşıq sönəndə bu butulkaları dondurucudan çıxarıb soyuducunun ən tez xarab olan məhsullarının, balıq, süd məhsulları, mayonezli salatlar yanına yerləşdirin. Bu, soyuducunun “ömür müddətini” 2–3 saat uzada bilər.

Termos çantalar və yorğanlar

Əgər balkon yoxdursa və işıq 5 saatdan çox sönübsə, ən dəyərli məhsulları buzla birlikdə termos çantaya yığın. Termos çanta yoxdursa, soyuq məhsulları bir neçə qat folqa ilə büküb, daha sonra isti yorğana sarıyın. Termos prinsipi burada da işləyir – yorğan soyuğun çölə çıxmasına imkan vermir.

Çeşidləmə: nəyi birinci yeməli?

Vəziyyət kritikdirsə, menyunu dəyişmək lazımdır.

Dərhal yeyilməli olanlar (birinci növbə)

Mayonezli və ya xamalı salatlar, bişmiş kolbasa, yumşaq pendirlər, açılmış balıq konservləri. Bu məhsullar +10°C-dən yuxarı temperaturda artıq 2 saatdan sonra təhlükəli ola bilər.

Bir qədər gözləyə bilənlər (ikinci növbə)

Bərk pendirlər, hisə verilmiş məhsullar, kərə yağı, bütöv tərəvəz və meyvələr, sobada bişmiş ət. Bişmiş ət qaynadılmış ətdən daha uzun müddət saxlanıla bilir.

“Ölməz” məhsullar

Kələm turşusu, müxtəlif duzlamalar, çörək və peçenye.

İstilik emalı

Əgər şorba və ya dolma isti otaqda bir neçə saat qalıbsa və siz onun təzəliyinə şübhə edirsinizsə, qaynadın. Bu, məhsul hələ xarab olmağa başlamayıbsa, bakteriyaların böyük hissəsini məhv edəcək.

Əgər ən kiçik yad qoxu hiss olunursa, risk etməyə dəyməz. Qida zəhərlənməsinin müalicəsi bir qazan borşdan qat-qat baha başa gələ bilər.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər