Neyrobioloq və nəzəri fizika üzrə doktor Aleks Qomes Marin klinik ölüm vəziyyəti yaşadıqdan sonra baş verənlərlə bağlı qeyri-adi xatirələrini bölüşüb.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, alimin sözlərinə görə, o an özünü parlaq qızılı işıqla dolu qəribə bir məkanda hiss edib və üç sirli varlıqla təmasda olub.
Məlumata görə, bir neçə il əvvəl Marin daxili qanaxma səbəbindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağır olub: orqanizmin normal fəaliyyəti dayanıb və ürəyi yeddi saniyə ərzində döyünməyib.
Alimin dediyinə görə, həmin anda özünü dərin bir quyu içindəymiş kimi hiss edib və quyunun yuxarısından çox güclü sarı işıq saçıb. Bu işığın içindən ona doğru üç fiqur yaxınlaşıb və onlar alimə olduqca tanış təsir bağışlayıb.
Marin bildirir ki, bu varlıqların yalnız konturlarını görsə də, kim olduqları ilə bağlı heç bir şübhəsi olmayıb. Onun daxilində elə bir hiss yaranıb ki, sanki onu “qarşılayırlar” və onların köməyini qəbul etmək həyatla birdəfəlik vidalaşmaq anlamına gələcək.
Alimin sözlərinə görə, ünsiyyət sözlərlə deyil, düşüncələr səviyyəsində baş verib. Həmin üç fiqur ona seçim təqdim edib: bədəninə geri qayıtmaq və ya orada qalaraq ölmək. Marin üçün cavab birmənalı olub.
O bildirib ki, onlara təşəkkür edib və hələ getməyə hazır olmadığını açıq şəkildə ifadə edib. Qərar verdiyi anda isə qeyri-adi sakitlik və daxili aydınlıq hiss edib.
Marinin fikrincə, yaşadıqları nə yuxuya, nə də halüsinasiyaya bənzəyib. Əksinə, bu vəziyyət ona adi reallıqdan daha real görünüb. O vurğulayıb ki, nə qorxu, nə də ağrı hiss edib, yalnız dərin bir rahatlıq və baş verənləri tam anlama duyğusu yaşayıb.
Alim etiraf edib ki, həmin halda düşünməyə və analiz etməyə ehtiyac olmayıb, biliklər sanki öz-özünə gəlirmiş. Onun sözlərinə görə, bu təcrübə şüurun mahiyyəti ilə bağlı baxışlarını köklü şəkildə dəyişib və insan varlığının mənası haqqında yenidən düşünməsinə səbəb olub.