Ötən əsrin əvvəllərində bəzi tədqiqatçılar ruhun mövcudluğunu onun fiziki parametrləri vasitəsilə elmi cəhətdən sübut etməyə cəhd ediblər.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, belə yanaşmanın ən məşhur nümunələrindən biri amerikalı həkim Dunkan Makduqallın apardığı eksperiment olub. O, belə bir fərziyyə irəli sürüb ki, əgər ruh bədənlə üzvi şəkildə bağlıdırsa və müəyyən bir məkan tuturursa, o zaman ən azı minimal çəkiyə malik olmalı və ölüm anında qravitasiya maddəsi kimi ölçülə bilməlidir.
Bu hipotezi yoxlamaq üçün Makduqall yüksək həssaslığa malik xüsusi tərəzilər hazırlayıb və üzərində son mərhələdə vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin yerləşdirildiyi çarpayı qurub. Xəstəliyin seçilməsi təsadüfi olmayıb: xəstələr son dərəcə zəif və hərəkətsiz olduqları üçün tərəzidə mexaniki titrəyişlərin qarşısı alınırdı.
1901-ci il aprelin 10-da ilk pasiyentin müşahidəsi zamanı Makduqall bədənin çəkisinin qəfil 0,75 unsiya, yəni təxminən 21,2 qram azalmasını qeydə alıb. Məhz bu nəticə sonradan “ruh 21 qram çəkir” mifinin yaranmasına səbəb olub və bu fikir kütləvi mədəniyyətdə, o cümlədən kino sahəsində geniş yayılıb.
Lakin həkimin 1907-ci ildə dərc olunmuş elmi məqaləsində nəticələr xeyli ziddiyyətli olub. İkinci pasiyentdə çəki itkisi yalnız nəfəs dayandıqdan 15 dəqiqə sonra müşahidə edilib, üçüncü pasiyentdə isə çəkinin iki mərhələli azalması qeydə alınıb.
Makduqallın işlərinin tənqidi təhlili ciddi metodoloji problemləri üzə çıxarıb. Altı pasiyent üzərində aparılan müşahidələrdən üçününün nəticələri avadanlıq nasazlığı və ya kənar müdaxilə səbəbindən etibarsız sayılıb. Bundan əlavə, həkim 15 it üzərində də oxşar testlər aparıb və onların ölüm anında çəki dəyişikliyi müşahidə etmədiyini bildirərək, kifayət qədər subyektiv şəkildə heyvanların ruhunun olmadığı qənaətinə gəlib.
Müasir dövrdə aparılan təkrar eksperimentlər, xüsusilə 2000-ci illərin əvvəllərində qoyunlar üzərində aparılan tədqiqatlar ölüm anında bədənin çəkisinin qısa müddətli artdığını, lakin bu göstəricinin saniyələr içində normaya qayıtdığını göstərib. Bu faktlar Makduqallın nəticələrini müasir biofizika baxımından daha da şübhəli edir.
Daha yeni elmi yanaşmalar ruh anlayışını qravitasiya maddəsi kimi deyil, informasiya və ya şüurun enerji forması kimi izah etməyə çalışır. Alimlər Albert Eynşteynin E = mc² düsturuna əsaslanaraq şüurun enerjisinin nəzəri olaraq kütləyə malik ola biləcəyini istisna etmirlər. Lakin bu cür enerjinin qeydə alınması üçün hazırda geniş istifadədə olmayan son dərəcə dəqiq elektromaqnit ölçü cihazları tələb olunur.
Hazırda elm ruhun mövcudluğunu birbaşa sübut edən faktlara malik deyil. Dukan Makduqallın eksperimentləri isə elmi həqiqətdən daha çox maraqlı tarixi anekdot kimi qiymətləndirilir.
Ruhun mahiyyəti və onun fiziki xüsusiyyətləri məsələsi hələ də inanc və şəxsi dünyagörüşü çərçivəsində qalır, çünki mövcud elmi-texniki imkanlar maddi olmayanı ölçməyə yetərli deyil.