Bir astronom indiyədək kosmosda yadplanetli həyatın niyə tapılmadığını izah edən yeni fərziyyə irəli sürüb. Onun “esxatoloji” (dünyanın sonu ilə bağlı) adlandırdığı bu fərziyyəyə görə, yadplanetli sivilizasiyanın aşkar edilməsi onun süqutuna yaxın bir vaxtda baş verə bilər.
Moderator.az xəbər verir ki, bu barədə “arXiv” platformasında dərc olunan elmi məqalədə bildirilib.
Kolumbiya Universitetinin (ABŞ) astrofiziki Devid Kippinq hesab edir ki, inkişaf etmiş sivilizasiyaların əksəriyyəti sakit və sabit şəkildə yaşayır və buna görə də gözə çarpmır:
“Onlar enerjini boş yerə sərf etmir, siqnalları isə kainatın təbii səs-küyü ilə, məsələn, ulduzlar və ya qalaktikaların şüalanması ilə qarışıb itir. Belə “sakit” sivilizasiyaları uzaq məsafələrdən aşkar etmək çətindir, çünki onlar kosmik “səs-küy” fonunda hiss olunmur.
Amma sivilizasiya çətinliyə düşəndə hər şey dəyişir. Əgər o, müharibə, ekoloji fəlakət və ya digər böhranlar səbəbindən dağılmağa başlayarsa, güclü, ancaq qısamüddətli siqnallar yarada bilər. Bu, səssiz, qaranlıq bir meşədə ağrıdan yaranan qışqırığa bənzəyir, çoxdan axtarılan sivilizasiyanı ələ verə bilər. Məsələn, qlobal nüvə müharibəsi və ya iqlim fəlakəti bu cür aydın görünən effektlər yarada bilərdi. Belə nadir partlayışları qeydə almaq mümkündür”.
Bu ideyanı yoxlamaq üçün Kippinq konkret siqnalları deyil, kosmosda baş verən istənilən izahsız anomaliyaları axtarmağı təklif edir. Bunun üçün Vera C. Rubin və ya Qaya kimi müasir rəsədxanalar uyğundur, onlar səmanı daim skan edir və qəfil dəyişiklikləri qeydə alırlar.
Bu hipotez yadplanetli həyat axtarışına yeni baxış qazandırır. Səssiz qonşulardan “salam” gözləmək əvəzinə, alimlər onları göstərə biləcək qəribə hadisələrə diqqət yetirirlər. Hipotez doğru çıxarsa, yadplanetlilərlə ilk tanışlığımız kədərli ola bilər - bütöv bir sivilizasiyanın məhvindən sonra.