Bizi sosial şəbəkələrdən izləyin:
"Yaşıl və qara çay eyni bitkidən hazırlanır. Buna görə də sağlamlıq baxımından həlledici amil çayın növü deyil, onun keyfiyyəti və hansı miqdarda istehlak edilməsidir".
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı tibb eksperti Yekaterina Kaşux Rusiya mətbuatına açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaşıl və qara çay üçün istifadə olunan xammal eyni bitkidən əldə edilir və fərq yalnız fermentasiya dərəcəsi ilə bağlıdır. Ekspert qeyd edib ki, yaşıl çayın tərkibində daha çox antioksidant xüsusiyyətə malik katexinlər var. Bu maddələr iltihabəleyhinə təsir göstərir və maddələr mübadiləsini sürətləndirir. Qara çay isə mədəyə daha yumşaq təsir edən teaflavinlər kimi digər faydalı birləşmələrlə zəngindir.
Yekaterina Kaşux xəbərdarlıq edib ki, xüsusilə acqarına içilən tünd çaylar mədənin selikli qişasını qıcıqlandıra və dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər. Bu baxımdan yaşıl çay həssas mədəsi olan insanlar üçün daha "aqressiv" təsir göstərə bilər.
Ekspertin fikrincə, yaşıl çayın guya "daha faydalı" olması ilə bağlı ümumi düşüncənin arxasınca düşməkdənsə, insana yaxşı təsir edən və daha çox bəyəndiyi çay növünü seçmək daha məqsədəuyğundur. /oxu.az/