"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın ən gənc milyarderləri siyahısına daxil olub və Z nəslinin işə yanaşması ilə bağlı yayılmış stereotipləri təkzib edib.
Fudi və məktəb yoldaşları Braziliyanın San-Paulu şəhərində keçirilən hakatonda "Mercor" platformasının əsasını qoyublar.
Məqsəd süni intellekt vasitəsilə işə qəbul prosesini avtomatlaşdırmaq olub. Platforma hazırda müraciətləri analiz edir, namizədləri seçir və ilkin müsahibələri həyata keçirir.
Layihə qısa müddətdə sürətlə böyüyüb: təsisçilər cəmi doqquz ay ərzində ideyanı əvvəlcə milyon dollarlıq dövriyyəsi olan biznesə, daha sonra isə 10 milyard dollar dəyərində startapa çeviriblər.
Uğura fokuslanmaq üçün Fudi Corctaun Universitetindəki təhsilini yarımçıq qoyub və bütün vaxtını "Mercor"a həsr edib.
O qeyd edib ki, fasiləsiz çalışma vərdişi onu milyarder statusuna çatdıran əsas amillərdən biridir:
"İstirahət günləri götürə bilmirəm, istər-istəməz yenidən işə qayıtmaq istəyirəm. Əsas məsələ həyatını həsr edə biləcəyin bir işi tapmaqdır", - deyə Fudi bildirib.
"Fortune"un məlumatına görə, "Mercor"un üç təsisçisi milyarder statusuna Mark Zukerberqdən daha gənc yaşda nail olublar.
(Milli.az)